Aİ missiyası sərhəddə yenidən aktivləşib

Tarix: 17:44 12.02.2025
Aİ missiyası Qazax və Qubadlı ilə sərhədə gələrək ərazilərimizi müşahidə ediblər. Missiyanın müddətinin uzadılması Azərbaycan tərəfindən dəstəklənmir və Azərbaycan buna qarşıdır. Azərbaycan missiyanın fəaliyyəti diqqətlə izləyir və buna nəzarət edir.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Azərbaycan diplomatik yolla öz mövqeyini irəli sürür. Həm ölkə başçısı, həm də xarici işlər naziri səviyyəsində dəfələrlə bildiriblər ki, Aİ missiyasının fəaliyyəti hanısa sülhə, sabitliyə töhvə vermir, əksinə, Ermənistanı daha da alovlandıraraq şərti sərhəddə təxribatlara səbəb olur:
"Sözsüz ki, bu missiyanın fəaliyyəti Azərbaycan tərəfindən dəstəklənmir. Azərbaycanın burada haqlı səbəbləri var. İlk növbədə missiya 2022-ci ildə razılaşdırılanda əvvəlcə Azərbaycana deyildi, amma müddəti uzadıldıqda Azərbaycana məlumat verilmədi. Bu missiyanın fəaliyyətinin sülhyönümlü olmadığını hər birimiz bilirik. Sözdə guya onlar təhlükəsizliyin təmini üçün ordadılar. Amma reallıqda bu belə deyil. Çünki təhlükəsizliyin təmini üçün elə bir zəmin yoxdur, Azərbaycan Ermənistana heç bir ərazi iddiası ilə çıxış etmir. Biz görürük ki, bu missiya kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Onların fəaliyyəti daha çox Avropanın, xüsusən, Fransanın geosiyası maraqlarına uyğun şəkildə həyata keçirilir. Fransa Cənubi Qafqazda öz təsir dairələrini artırmağa, Rusiyanı buradan çıxarmağa çalışır və belə olan halda Aİ müşahidə missiyasını işə daxil etmək təşəbbüsünü irəli sürür. Digər tərəfdən, bu missiya nəinki sülhə töhfə vermir, eyni zamanda, Ermənistanın Azərbaycana həm danışıqlar masasında qeyri-konstruktiv mövqe tutmasına, həm də şərti sərhəddə təxribat törətməsinə gətirib çıxarır. Belə olan halda Azərbaycan haqlı olaraq tələb edir ki, sülh sazişinə də uyğun olaraq, şərti sərhəddə üçüncü tərəfin qüvvələri yerləşdirilməsin. Bu iki ölkə arasında qarşılıqlı etimadın yaranması üçün vacib şərtlərdən biridir. Aİ müşahidə missiyası sərhəddə mövcudluğu ilə nəinki iki ölkə arasında münasibətləri gərginləşdirir, sülh prosesini uzadır, eyni zamanda, regionda fəal olan digər siyasi aktorlar ki var, Rusiya və İranın müəyyən mənada narazılığına səbəb olur və bu Cənubi Qafqazda olan ümumi siyasi vəziyyəti daha da gərginləşdirir. Azərbaycan diplomatik yolla öz mövqeyini irəli sürür. Həm ölkə başçısı, həm də xarici işlər naziri səviyyəsində dəfələrlə bildiriblər ki, Aİ missiyasının fəaliyyəti hanısa sülhə, sabitliyə töhvə vermir, əksinə, Ermənistanı daha da alovlandıraraq şərti sərhəddə təxribatlara səbəb olur".
Politoloq qeyd edib ki, Ermənistan nə qədər silahlansa da, heç bir cəhətdən Azərbaycanla hərbi qarşıdurmaya girəcək gücü yoxdur:
"Hansısa hərbi qarşıdurmanın olacağını düşünmürəm. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Azərbaycanın hansısa hərbi qarşıdurmada marağı yoxdur. Ermənistan isə buna hazır vəziyyətdə deyil. Hər nə qədər Ermənistan silahlandırılsa da, Ermənistanın Azərbaycanla hərbi münaqişəyə girəcək istər mənəvi, istər fiziki, texnoloji hazırlığı yoxdur. Düşünmürəm ki, Ermənistan indiki halda belə bir avantürada maraqlı olar".
Günel Verdiyeva