Google Maps ABŞ istifadəçiləri üçün Meksika Körfəzinin adını yeniləyib

Tarix: 17:50 12.02.2025
Google Maps tətbiqini ABŞ-dan istifadə edənlər üçün Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişib.
Bu dəyişikliklə bağlı açıqlamasında Google bildirib ki, bu addım rəsmi hökumət mənbələri tərəfindən yenilənmiş ad dəyişikliklərinə uyğunlaşmaq məqsədilə uzun müddətdir tətbiq olunan bir təcrübənin tərkib hissəsidir.
Bildirilib ki, ABŞ, Kuba və Meksika ilə əhatə olunan Körfəzin adı Meksika istifadəçiləri üçün dəyişdirilməyəcək və dünyanın digər bölgələrindəki istifadəçilər üçün "Meksika Körfəzi (Amerika Körfəzi)" kimi göstəriləcək.
Bu dəyişiklik, keçən ay yenidən vəzifəyə qayıdan Prezident Donald Trampın hökumət sənədlərində bu su hövzəsinin adının dəyişdirilməsi ilə bağlı göstərişindən sonra həyata keçirilib.
Meksika bu qərarı pisləyərək, ABŞ-ın Körfəz adını dəyişdirmək üçün heç bir hüquqi əsası olmadığını bildirib.
Dəyişikliyi bazar ertəsi günü Google həyata keçirib. ABŞ Daxili İşlər Nazirliyinə bağlı Coğrafi Adlar Məlumat Sistemi (Geographic Names Information System) Körfəzin adını yenilədikdən sonra yenilənmə baş verib.
Yenilənmədə qeyd olunur: “Əvvəllər Meksika Körfəzi olaraq tanınan Amerika Körfəzi, orta dərinliyi 5300 fut olan, Şimali Amerikada yerləşən və şərq, şimal və şimal-qərb sahilləri ABŞ, cənub-qərb və cənub sahilləri isə Meksika ilə həmsərhəd olan əsas su hövzəsidir".
Bildirilib ki, bu dəyişiklik Trampın “Amerikanın Böyüklüyünü Şərəfləndirən Adların Bərpası” adlı sərəncamına uyğun olaraq edilib.
Tramp sərəncamı imzaladıqdan sonra 9 fevralı “Amerika Körfəzi Günü” elan edib.
"ABŞ-nin bütün ictimai rəsmilərini və xalqını bu günü uyğun proqramlar, mərasimlər və fəaliyyətlərlə qeyd etməyə çağırıram," deyə Ağ Evin bəyanatında bildirilib.
Meksika Prezidenti Klaudiya Şeinbaum Google-dan Meksika Körfəzinin adını dəyişdirmə qərarını yenidən nəzərdən keçirməyi xahiş edib.
O, bildirib ki, ABŞ Körfəzin adını dəyişdirə bilməz, çünki Dəniz Hüququ üzrə Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına əsasən, fərdi ölkənin suveren ərazisi yalnız sahildən 12 dəniz mili məsafəyə qədər uzanır.
Associated Press (AP), qlobal media təşkilatı, stil kitabçasında Meksika Körfəzinin adını dəyişdirməyəcəyini açıqlayıb. Stil kitabçası ABŞ-ın əksər media orqanları tərəfindən istifadə olunur.
Stil kitabçası ilə bağlı qərar səbəbindən Ağ Ev Oval Ofisdə sərəncamın imzalanması zamanı AP jurnalistinin iştirakını qadağan edib.
"Tramp administrasiyasının AP-ni müstəqil jurnalistikası üçün cəzalandırması narahatedicidir," deyə AP-nin icraçı redaktoru Culi Peys bildirib. "Oval Ofisə çıxışımızın məhdudlaşdırılması ictimaiyyətin müstəqil xəbərlərə çıxışını ciddi şəkildə pozur və bu, birbaşa Birinci Düzəlişi (ABŞ Konstitusiyası) pozur."
Trampın 20 yanvarda imzaladığı sərəncam Şimali Amerikanın ən yüksək dağı olan Denalinin yenidən əvvəlki adı - McKinley Dağı olaraq adlandırılmasını da əmr edib.
Bu dəyişiklik hələ Google Maps-də əks olunmayıb, lakin AP öz stil kitabçasında dağın köhnə adını qəbul edib.
Nuray Qurbanlı
BBC