Binyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatların yenidən başlayacağını bildirib

Tarix: 20:14 12.02.2025
Onun sözlərinə görə, İsrail girovların azad olunmadığı təqdirdə əməliyyatları bərpa etməkdə qətiyyətlidir. Netanyahu bu bəyanatı bölgədəki gərginliyin fonunda verib və vurğulayıb ki, İsrailin əsas prioritetlərindən biri əsirlərin geri qaytarılmasıdır.
Mövzu ilə bağlı "Informator.az"a açıqlamasında politoloq Oktay Qasımov qeyd edir ki, Qəzza zolağında atəşkəs elan olunsa da, proseslər hələ də düşünülən və planlaşdırılan kimi irəliləmir:
"Əsas səbəb odur ki, girovların hələ bir hissəsi azad olunmayıb. Burada Netanyahu müəyyən bəhanələr gətirir ki, yenidən əməliyyatlara başlasın. Nəzərə alsaq ki, Netanyahunun bu yaxınlarda ABŞ-a səfəri oldu və prezident Donald Trampla görüşündə bir sıra məsələlər razılaşdırıldı, vəziyyət daha da aydınlaşır. Hətta Netanyahunun özünün etirafına görə, gözləmədiyi təkliflər belə ona edilib. Donald Trampın da Qəzza zolağındakı vəziyyətlə bağlı son açıqlaması göstərir ki, girovlar deyilən vaxta – 15 fevral, saat 12:00-a qədər qaytarılmasa, Qəzza zolağında olduqca ağır vəziyyət yarana bilər. Bu isə hərbi əməliyyatların yenidən başlanması və dinc insanların ölümünə səbəb ola bilər. Zənnimcə, girovlar qaytarılmasa, vəziyyətin kəskin şəkildə gərginləşəcəyini ehtimal etmək olar".
Zəhra Məmmədova