Tramp, Putinlə Ukrayna müharibəsini müzakirə etdi

Bölmə: Dünya › ,
Tarix: 14:53 13.02.2025

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını və Ukraynada müharibəni bitirmək üçün danışıqlara başlamaq barədə razılığa gəldiklərini bildirib.

 

Tramp, Truth Social platformasında paylaşım edərək, çərşənbə günü Putinlə uzun və son dərəcə məhsuldar bir söhbət apardığını qeyd edib və "Komandalarımızı dərhal danışıqlara başlamaq üçün təyin etmək barədə razılaşdıq", – deyə bildirib.

 

Oval Ofisdə bu görüş haqqında danışan Tramp, Putinin də müharibənin bitməsini istədiyi təəssüratını aldığını söyləyib.

 

Donald Tramp, Vladimir Putinlə Ukrayna ilə bağlı ilk üzbəüz görüşün Səudiyyə Ərəbistanında keçirilə biləcəyini də qeyd edib.

 

Tramp həmçinin Putinlə qarşılıqlı ölkə səfərləri mövzusunda da razılığa gəldiklərini vurğulayıb.

 

Kremlin sözçüsü Dmitri Peskov da iki liderin səfərlər mövzusunda razılaşdıqlarını təsdiqləyib.

 

Tramp bu görüş haqqında sosial media hesabında belə yazıb:

 

"Bir-birimizin ölkəsini ziyarət etmək də daxil olmaqla, yaxın əməkdaşlıq etməyə qərar verdik. Komandalarımızı dərhal danışıqlara başlamaq üçün təyin etdik".

 

Donald Tramp bu görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışıb.

 

Zelenski bildirib ki, Tramp onunla söhbətində Putinlə apardığı telefon danışığı barədə məlumat verib və "davamlı, etibarlı bir sülh" haqqında müzakirə aparıblar.

 

Döyüşən tərəflərlə aparılan danışıqlar, həm Trampın, həm də ABŞ müdafiə nazirinin Ukraynanın NATO-ya üzvlük ehtimalının az olduğunu deməsi və bunun Kiyevdə böyük bir məyusluq yaratdığı bir vaxta təsadüf edir.

 

NATO ölkələri, Kiyevin mümkün sülh danışıqlarına güclü mövqelə oturmasının və etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsinin vacib olduğu fikrində birləşir.

 

Hegseth də güclü təhlükəsizlik zəmanətlərinin vacib olduğunu qəbul edir, lakin bu zəmanətlərin Avropa ölkələri və digər birliklərlə dəstəklənməli olduğunu düşünür.

 

ABŞ müdafiə nazirinin bu yanaşması, Ukraynada mümkün bir sülh sazişi baş tutarsa, Amerika əsgərlərinin döyüş meydanında olmayacağı kimi şərh edilir.

 

Hegseth-in vurğuladığı üçüncü məqam isə mümkün bir sülhməramlı qüvvənin quruluşu ilə bağlıdır.

 

Amerikalı nazir bildirib ki, "Əgər bu qüvvələr hər hansı mərhələdə Ukraynaya sülhməramlı qüvvə kimi yerləşdirilərsə, NATO-dan kənar bir missiyanın tərkibində olmalı və 5-ci maddə (kollektiv müdafiə prinsipi) çərçivəsinə daxil edilməməlidir".

 

Hegseth-in açıqlamalarında diqqət çəkən dördüncü məqam isə son günlər Ukraynadan gələn "ərazi mübadiləsi" məsələsi ilə bağlı olub.

 

Amerikalı nazir, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının real olmadığını vurğulayaraq, "Bu xəyali hədəfin arxasınca getmək yalnız müharibəni uzadar və daha çox iztiraba səbəb olar", – deyə bildirib.

 

Mənbə: BBC news

Aygün Babayeva