Zelenskinin ABŞ-dən gözləntiləri reallığa uyğundurmu?

Tarix: 16:26 13.02.2025
“Ukrayna NATO-da xoş qarşılanmır”.
Bu haqqda Ukrayna lideri Volodimir Zelenski “The Economist” nəşrinə müsahibəsində deyib.
“Biz NATO-da deyilik, NATO-nun bizə ehtiyacı yoxdur. Çünki NATO bizsiz də çox güclü ittifaqdır”, - deyə o bildirib.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli “informator.az”a açıqlamasında bildirib ki, Ukraynanın NATO-ya üzv olması ilə bağlı gözləntilər əgər əvvəlki illərdə müəyyən qədər də vardısa, Rusiya ilə müharibədə Ukraynanın böyük itkilərə, faciələrlə üz-üzə qalmasından sonra bu ehtimal aşağıdır:
“Çünki Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Ukraynanın NATO-ya üzvlük və Ukraynanın Avropaya yaxınlaşması məsələsinə görə idi. Artıq Zelenski də öz açıqlamalarında Ukraynanın NATO-ya qəbul olunması ilə bağlı çox bədbin proqnozlar verir. Bu baxımdan NATO-Ukrayna münasibətləri artıq tarixə qovuşmaq üzrədir. Bu, üfüqdə də görünmür. Rusiya öz istəyinə çatmış kimi bu məsələlərdə görünür. Çünki NATO da artıq Ukraynanı öz sıralarına qəbul etməklə bağlı bu istiqamətdə konkret bəyanatlar səsləndirir. Ukraynanın NATO-ya qəbul olunması və Avropaya daha sıx inteqrasiyası ilə bağlı da Avropa dairələri maraqlı deyil. Çünki Rusiya Ukraynanın böyük bir ərazisini işğal etməklə, bu prosesi dayandırdı. Ukraynanın bu cəhdlərinin qarşısını aldı”.
Politoloq, Zelenskinin ABŞ-dən gözləntiləri məsələsindən də söz açıb:
“Bu artıq real deyil. Çünki ABŞ prezidenti Donald Tramp da Ukraynaya hər hansısa bir vəd vermir. Əksinə Tramp israrla müharibəni dayandırılması, Rusiya ilə Ukraynanın danışıqlar masasına oturması məsələsi istiqamətində addımlar atır. Ukraynanın Amerikadan da real gözləntisi yoxdur. Çünki Amerika son dövrlərdə öz məqsədini və məramını açıq şəkildə ortaya qoyur. Hətta Ukraynaya göstərilən maliyyə yardımlarının əvəzini istəyir. Bu baxımdan Ukrayna ortada tək qalıb. Əvvəlki dövrlərdə Amerika və Avropa dairələri Ukraynaya çox böyük dəstək göstərirdilər. Artıq bu dəstək də tədricən aradan qalxır”.
Kəmalə Vəliyeva