Elon Musk, OpenAI-nin qeyri-kommersiya olaraq qalacağı halda, təxminən 100 milyard dollarlıq təklifini geri çəkəcəyini bildirib

Tarix: 19:32 13.02.2025
Elon Musk, dünyanın ən qabaqcıl və dəyərli süni intellekt şirkəti olan ChatGPT istehsalçısı OpenAI-nin qeyri-kommersiya strukturunda qalacağı halda, şirkəti almaq cəhdindən imtina etməyə hazır olduğunu açıqlayıb.
OpenAI uğrunda mübarizə, ictimaiyyət qarşısında şəxsi xarakter alaraq Musk-ı OpenAI-nin CEO-su Sam Altman ilə qarşı-qarşıya gətirib. Musk, bazar ertəsi günü bir açıqlama verərək bir qrup investorun lideri olaraq OpenAI-ni 97,4 milyard dollara almaq təklifini etdiyini bildirib. Lakin çərşənbə günü bildirib ki, OpenAI özünün quruluş missiyasına sadiq qalarsa və qeyri-kommersiya olaraq qalarsa, bu məsələni dayandırmağa hazırdır.
“Əgər OpenAI, Inc.-in İdarə Heyəti xeyriyyə missiyasını qorumaq və aktivlərinin satılmasını dayandıraraq ‘satışda’ yazısını geri götürmək qərarına gəlsə, Musk təklifini geri çəkəcək,” deyə Musk çərşənbə günü gecə məhkəmə sənədlərində qeyd edib. “Əks halda, xeyriyyə təşkilatı, bazar qiymətindəki uyğun bir alıcının ödəyə biləcəyi məbləğlə kompensasiya almalıdır".
Altman bu təklifi ictimaiyyət qarşısında kəskin şəkildə tənqid edib və şirkət çərşənbə günü məhkəməyə təqdim etdiyi sənədlərdə Musk-ın təklifinin məntiqini şübhə altına alıb – baxmayaraq ki, təklifi rəsmi olaraq rədd etməyib.
Şirkət məhkəmə sənədlərində Musk-ı ikiüzlülükdə ittiham edib. 2024-cü ildə Musk, OpenAI-nin quruluş nizamnaməsini pozduğunu iddia edərək şirkətə qarşı məhkəmə işi açıb və onun qeyri-kommersiya nəzarətində qalmasını tələb edib. Lakin hazırkı təklifdə OpenAI qeyd edib ki, Musk şirkətin satılmasını istəyir – özü üçün.
“Musk bu məhkəmədə OpenAI, Inc.-in aktivlərinin ‘fərdi mənfəət’ üçün ‘köçürülə bilməyəcəyini’ iddia edir,” deyə şirkət hüquqi sənədlərdə bildirib. “Lakin məhkəmə xaricində bu məhdudiyyətlər Musk və onun müttəfiqləri alıcı olduqda tətbiq edilmir. Musk, OpenAI, Inc.-in bütün aktivlərini öz iqtisadi faydası, rəqib süni intellekt biznesi və seçilmiş şəxsi investorları üçün ona transfer etməsini istəyir".
CNN
Nuray Qurbanlı