Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul etdi

Bölmə: Siyasət › ,
Tarix: 19:59 13.02.2025

Türkiyə və Azərbaycan arasında tarixi və milli köklərə əsaslanan dərin əlaqələr mövcuddur. Son illərdə dostluq və qardaşlıq münasibətləri birlik səviyyəsinə çatıb. Türkiyənin müxtəlif platformalarda Azərbaycana verdiyi daimi dəstək, iki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsinə töhfə verib.

 

Politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada analoqu olmayan bir modeldir:

 

“Türkiyə daim Azərbaycana dəstək verir, Azərbaycan və Türkiyə isə hərtərəfli dəstək göstərən və münasibətlərini durmadan inkişaf etdirən bir siyasət yürüdürlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu münasibətləri Azərbaycan Prezidenti Cənab İlham Əliyev və eyni zamanda Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan yüksək qiymətləndirir. Bu münasibətlərin dünyada analoqunun olmaması və təkrarsız olması barədə dəfələrlə bəyanatlar səsləndirilib.

Xüsusilə Azərbaycan-Türkiyə münasibətləri dünyaya nümunə ola biləcək bir modeldir və dünyanın bir çox ölkələri bu münasibətlərdən örnək götürməlidir. Eyni zamanda Azərbaycan və Türkiyə, Türk Dövlətləri Təşkilatının formalaşmasında və bu təşkilatın fəaliyyətinin daha da inkişaf etdirilməsi, türk dövlətləri arasında bütün sahələrdə genişmiqyaslı əlaqələrin qurulması və dərinləşdirilməsi istiqamətində mühüm rol oynayırlar".

 

Politoloqun sözlərinə görə, Türk dünyasının birləşməsi, ortaq Türk dəyərlərinin irəli aparılması istiqamətində həm iqtisadi, həm siyasi, həm də xüsusilə hərbi baxımdan əməkdaşlıq hər ötən gün daha da inkişaf edir:

 

 

"Türkiyənin Azərbaycana təyin olun yeni səfirini bu gün Azərbaycan Prezidentinin qəbul etməsi və onun etimadnaməsinin təqdim edilməsi də təbiidir ki, bundan sonra Türkiyə və Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynayacaqdır.

Türkiyənin yeni səfirinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsinə böyük töhfə verəcəyinə ümumilikdə pozitiv yanaşmaq lazımdır. Bu addım Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsinə və gələcəkdə daha sıx inteqrasiyaya xidmət edəcəkdir”.

 

Xanım Ağamalıyeva