“Qəzza məsələsi İranın ABŞ ilə alver predmetində bir alətdir”-ŞƏRH

Tarix: 14:02 14.02.2025
Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini köçürmək planının reallaşacağı təqdirdə raket hücumları ilə hədələyib.
Bu barədə hərəkatın lideri Abdel Malik əl-Husi bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “informator.az” a açıqlamasında bildirib ki, Yəmən Husiləri İranın təsirində olan proksi qüvvələrdəndir:
“Qəzza məsələsi İranın ABŞ ilə alver predmetində bir alətdir. Hazırda İranın nüvə proqramı ilə bağlı ABŞ ilə gərginlik yaşanır. İran demək istəyir ki, əgər razılığa gəlməsək, proksi qüvvələri hərəkətə keçirəcəm. Əslində Yəmən Husilərinin müstəqil mövqeyi yoxdur və İranın bir təsir rıçağı kimi istifadə olunur. Qəzza əhalisinin köçürülməsi planı beynəlxalq hüquqa da ziddir, eyni zamanda mövcud münaqişənin daha da dərinləşməsinə hesablanır. Amma bu köçürülmə planı İranın vasitəsi ilə həyata keçirilir. Əgər İran Həması İsrailə hücuma təhrik etməsəydi, 50 min insan ölməz, Qəzza dağıdılmaz və indi də əhalini köçürmək niyyəti ortaya çıxmazdı. İran İsraili təhrik etmək siyasətini məharətlə yerinə yetirir. Hazırda İsrail Suriya torpaqlarına müdaxilə etməklə yeni savaş çıxarmağa cəhd edir, lakin Suriya müdrik davranaraq hələ bu mövzuya həssas yanaşır. İsrail Suriyanı təhrik edə bilmədi. Lakin hazırda Həmasın köçürmə planına qarşı olmasına görə yeni savaş lazımdır ki, İsrail bunu bəhanə tutub əhalini sürgün etsin. O savaşı da İranın Yəmən Husilərinin əli ilə edəcəklər. İran və Ənsarullah onsuz da İsrailə ciddi heç bir zərər vura bilmir. Yalnız İsrailin əlinə əsas vermək üçün bəzən raket atır, təhdid edir".
Müsahibimiz sözlərinə görə, ABŞ və İsrailin İrana hərbi müdaxilə etməməsinin ən vacib səbəbi İranın onun maraqlarına xidmət etməsidir:
"Hazırda Həmas tunellərdən üzə çıxdı və gördülər ki, hələ qüdrətini əldə saxlaya bilib. Ona görə İranın təhriki ilə yerdə qalan üzvləri də məhv etmək üçün bu provakasiyanı təşkil edirlər. ABŞ Prezidenti Donald Trampın Qəzza əhalisini köçürmək planına Yəmənin Husiləri deyil, Türkiyə, Ərəb ölkələri və digər dövlətlər təsir göstərə bilər. Ənsarullahın 10-15 raketi ilə bu məsələ həll olunmaq əvəzinə daha da qızışıb yeni müharibə həddinə gələcək ki, bu da İranla İsrailin ortaq planına xidmət edir. Üzdə düşmən olan gizli müttəfiqlər olan İran və İsrail tam olaraq ABŞ - nin ssenarilərini bir - birinə pas ötürərək icra edirlər. Fələstinin ABŞ - yə yalnız Həmas vasitəsilə təsir qüvvəsi var. Yeni qüvvələrin də oraya çıxması mümkündür əgər köçürmə zorla tətbiq edilərsə, yəni Yəmən Husilərinin əsl məqsədi Qəzza əhalisinin köçürülməsinə mene olmaq deyil. İranın nüvə obyektlərinə mümkün zərbələri mümkün qədər təxirə salmaq üçün təziq göstərməkdir. Yəni ABŞ İrana göz yumsun , o da proksilərini geri çəksin və alver baş tutsun”.
Kəmalə Vəliyeva