Sevgi: İnsanlar Arasında Dərin Bağ və Anlayış

Bölmə: Maraqlı › ,
Tarix: 19:42 14.02.2025

Sevgi, insanın digərinə qarşı dərin və özəl bir bağ hissi yaratdığı, qarşılıqlı anlayış, hörmət və səmimiyyət üzərində qurulan bir emosional vəziyyətdir. Bu hiss yalnız romantik münasibətlərlə məhdudlaşmır, ailə, dostluq və insanlıq münasibətlərində də özünü göstərə bilir. Sevgi, şəxsiyyətlərarası əlaqələrin inkişafında, insanlar arasında müsbət duyğuların və qarşılıqlı dəstəyin formalaşmasında mühüm rol oynayır. Kişilər və qadınlar arasında sevgi anlayışı fərqli ola bilər. 

 

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova "informator.az"a bildirib ki, kişilər çox vaxt xarici görünüşə önəm verirlər, lakin onların duyduğu sevgi yalnız xarici cazibədən deyil, həm də xanımın xasiyyəti, daxili dünyası ilə bağlıdır:

 

"Kişilər, bir qadının xarakterini və şəxsiyyətini daha yaxından tanıdıqca ona qarşı hiss etdikləri sevgi daha da dərinləşir. Ancaq qadınlar üçün sevgi anlayışı daha çox eşitdikləri gözəl sözlərə, qarşı tərəfin xarici görünüşünə və davranışlarına əsaslanır. Onlar çox vaxt birinin onlara göstərdiyi diqqət və xüsusi sözlər vasitəsilə sevgi hissini hiss edirlər. 

Lakin, sevginin uzun müddətli olması üçün yalnız hisslər deyil, həm də qarşılıqlı təmas, zamanla qurulan emosional bağlılıqlar vacibdir. Yəni, bir insanın yanında daha çox vaxt keçirmək, onu daha çox tanımaq sevginin inkişafını sürətləndirir. Sevgi, zamanla yaranan bir bağdır, bir insanın yanındasınızsa, onunla ünsiyyət qurursunuz və bu zaman, tədricən sevgi və emosional bağlılıq meydana çıxır. Sevgi qadınlar və kişilər üçün fərqli şəkildə təcrübə olunsa da, ümumi götürəndə, hər iki cinsin də sevgi ilə bağlı fərqli yanaşmaları var. Hər bir insanın öz sərhədləri mövcuddur – yəni, hər kəsin özünə icazə verdiyi, icazə vermədiyi hərəkətlər, düşüncələr və davranışlar var".

 

Psixoloq vurğulayıb ki, bəzən insanlar ehtirasla sevgini qarışdırırlar:

 

"Sevgi, yalnız fiziki yaxınlıqla məhdudlaşmır; bir insan uzaqda olsa belə, sevgi hissini yaşamaq mümkündür. Sevgi, bir insanın həmçinin danışmadığı zaman da, yalnız varlığı ilə hiss edilə bilər.

Münasibətlərdə ehtirasın və ehtiyacların bir-birinə qarışmaması çox önəmlidir. Sevgi ehtirasla qarışdıqda, hisslər və davranışlar təhrif oluna bilər. Sevgi, bir qərar və məsuliyyət tələb edir. Bir münasibətdə sevgi varsa, orada öhdəlik də mövcuddur. Sevgi yalnız hisslərdən ibarət deyil; o, həm də insanların qarşılıqlı öhdəliklərini, məsuliyyətlərini və qərarlarını bildirən bir bağlılıqdır. İnsan özünün və qarşı tərəfin öhdəliklərini bildiyi zaman, sevgi daha sağlam və uzunmüddətli olur. Sevgi münasibətində öhdəliklər vacibdir, çünki öhdəliklər sevgi hissinin dərinləşməsinə və münasibətlərin inkişaf etməsinə imkan yaradır. Sevgi olmadan öhdəlik, sadəcə bir borc və ya məcburiyyət hissi yarada bilər, amma sevgi ilə birləşən öhdəliklər tərəfləri daha yaxınlaşdırar. Sevgi və öhdəlik bir-birini tamamlayır, və bu qarşılıqlı əlaqə insanların ruhsal və emosional rifahına mühüm təsir edir. Sevgi olmayan bir münasibət, öhdəlik və məsuliyyətləri olmadığı üçün narahatlıq, boşluq və sevgi çatışmazlığı yarada bilər.

Buna görə də, sevgi münasibətlərində yalnız duyğular və hisslər deyil, həm də qarşılıqlı hörmət, öhdəliklər və məsuliyyətlər önəmlidir".

 

Bir insan, münasibətində yalnız sevgi hiss etməklə kifayətlənməməli, eyni zamanda bu sevgini öhdəliklə dəstəkləməlidir. Bu, yalnız sağlam münasibətlər qurmağa deyil, həm də uzunmüddətli və möhkəm bağlar yaratmağa imkan verir.

 

Çinarə Tarverdiyeva