Bəs sevgisizlər günü?

Bölmə: Maraqlı › ,
Tarix: 19:37 15.02.2025

Bəzi insanlar sevgilərini hədiyyələrlə göstərir, bəziləri sözlərlə, bəziləri də bədən dili vasitəsilə. Elələri də var ki, duyğularını heç bir şəkildə büruzə vermək istəmirlər, gerçək hisslərini sərgiləməkdən qorxurlar. Beyinlərində keçmişdən qalma səhnələri dəfələrlə canlandırmaları nəticəsində insanların üzlərinə belə baxmaqdan çəkinirlər.

Gözlər doğruları söylərmiş, ancaq onlar reallıqlardan qaçıb xəyallarda qorxulara sığınırlar, lakin, təbii ki, qorxuya sığındığınız halda qurtuluş sadəcə onunla üzləşmək ola bilər.

Bütün gözlərə baxılmaz, nə də bütün gözlərə inanılmaz. Amma insan şüurlu varlıqdır və kimisə tanımaq heç də o qədər çətin deyil.

Teatrda bir ifadə var "İnsan başqalarını təqlid edə, onlar kimi davrana, özləri olmayan şəxslərin rolunu canlandıra bilər, ancaq öz rolunu aparmaq heç də o qədər asan deyil, adətən mümkünsüzdür". Çünki başqalarını ideallaşdıra, onlar kimi olmağa çalışa bilərik, ancaq hara qədər özümüzdən qaça bilərik ki?

"Səs" serialında bir cümlə var idi, "Bəlkə də, tanımadan sevmək lazımdır", -deyə. Mənsə bununla razılaşmıram.

İnsan tanımağa çalışmalıdır, danışmadan öncə üz ifadələrindən, başqalarına qarşı davranış tərzindən kiminlə danışdığının fərqinə varmalıdır. Dediyim kimi, insanları tanımaq o qədər də çətin deyil, lakin bunun üçün insanı necə və harada tanıyacağınızı da bilməlisiniz. Kimisə tanımağa çalışmaq daha çox müşahidə etməkdir, buna "oyun oynamaq", "beynini qarışdırmaq" kimi adlar qoyulmamalıdır. Həyatda insanın başqa birini anlamaq istəməsi o qədər normaldır ki, işlər qarşı tərəfin duyğularını incitmirsə, ona özünü dəyərsiz hiss etdirmirsə, sadəcə onun etdiklərini nəzərdən keçirməklə bağlıdırsa, bu niyə "Toxic davranış" adlandırılsın axı?

Keçmiş dönəmlərdə sevgi necə göstərilirdi, münasibətlər hansı şəkillərdə qurulurdu bilmirəm, amma hazırda bu daha da çətinləşib və qarmaşıq hala gəlib. "Flört", "Situationship" kimi ifadələr yaranıb. Sevgi canlı və ülvi bir duyğudan insanlığın iyrəncliyi ilə qarışıb və müxtəlif adlar, oyunlar altında sıxışdırılıb.

Bizim, "Zed nəsli"nin ən sevdiyim yanı sosial mediada da özünü ifadə edə bilməsidir. Bunun mənfi tərəfləri də, əlbəttə ki, var, ancaq mən sosial media tərəfdarlarındanam. Çünki insanları sosial mediadan, xüsusilə, şəxsi hesablarından tanıya bilərsiniz. Kimləri izlədiyini və kimlər tərəfindən izləndiyini əksər hallarda görə bilərsiniz. Anlayacağınız, qarşınızdakını yalnız realda deyil, digital məcrada da müşahidə etmə imkanına sahibsiniz. Utancaqsınızsa, insanlarla kommunikasiya qurma şansınız da asanlaşır bir baxıma. Ümumiləşdirsək, düzgün istifadə ilə özünüzü insanlara tanıda və onları tanıya bilərsiniz.

Artıq sevgililər günü bitib, sevginizi yanlız sizin diqqətinizi çəkən şəxsə deyil, insanlara göstərə bilməniz, özünüz kimi insanlarla tanış olmanız və bərabər inkişaf etməniz diləyi ilə, çünki sevgi paylaşdıqca çoxalır, təbii ki, doğru insanlarla.

Sevgililər günü də getdi, ölkənin bir hissəsi keçirdi. Görəsən, sevgisizlər günü də olsa, paylaşmayan qalardımı heç?

Aydan Qasımova