ChatGPT gözlənildiyindən daha az enerji sərf edir

Tarix: 21:13 18.02.2025
Epoch AI adlı qeyri-kommersiya süni intellekt araşdırma institutunun son təhlili göstərib ki, OpenAI-nin ChatGPT platforması əvvəl güman edildiyi qədər çox enerji sərf etmir.
Daha əvvəl yayılan məlumatlara görə, ChatGPT-nin bir suala cavab verməsi üçün təxminən 3 vat-saat enerji tələb etdiyi bildirilirdi. Bu göstərici, adi bir Google axtarışından 10 dəfə çox enerji istehlakı deməkdir. Lakin Epoch AI-nin araşdırması bunun şişirdilmiş qiymətləndirmə olduğunu ortaya çıxarıb.
Mütəxəssislər OpenAI-nin ən son standart modeli olan GPT-4o-nu araşdıraraq, ChatGPT-nin orta hesabla bir sorğu üçün təxminən 0.3 vat-saat enerji istifadə etdiyini müəyyən ediblər. Bu isə bir çox məişət cihazlarının sərf etdiyi enerjidən daha aşağı göstəricidir.
Bu araşdırma, süni intellekt texnologiyalarının enerji səmərəliliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Mənbə: Techcrunch
Zeynəb Yunuszadə