Gündəlik istehlak edilən qara çay ürək-damar sağlamlığına müsbət töhfə verir

Bölmə: Maraqlı › ,
Tarix: 22:35 20.02.2025

Rəcəb Tayyib Ərdoğan Universitetinin rektoru Prof. Dr. Yusuf Yılmaz, klinik araşdırmalara görə, gündə ən az 3-5 fincan çay içməyin ürək-damar sağlamlığına əhəmiyyətli dərəcədə qatqı təmin etdiyini ifadə edib.

 

Prof. Dr. Yılmaz universitetdə keçirdiyi mətbuat konfransında tərtib etdiyi "Qara çayın sağlamlığa müsbət təsirləri"ndən bəhs edən elmi məqaləsinin *International Journal of Food Science* adlı beynəlxalq jurnalda dərc olunduğunu bildirib.

Çay sahəsində ixtisaslaşmış bir universitet olduqlarını qeyd edən Yılmaz, çayın dünyada sudan sonra ən çox istehlak edilən içki olduğunu vurğulayıb: "Ona görə də Rizə üçün çox əhəmiyyətli bir iqtisadiyyatdır. Çayın sağlamlığa faydaları ilə bağlı mövcud elmi məqalələri bir yerə toplayıb vahid məqalə olaraq ədəbiyyata gətirdik".

Çayın insan sağlamlığına bir çox müsbət təsiri olduğunu qeyd edən Yılmaz, "Klinik araşdırmalara görə, gündə ən az 3-5 stəkan çay içməyin ürək-damar sağlamlığına əhəmiyyətli qatqısı var. Çay damar sərtliyini azaldır, qan təzyiqini bir qədər salır. Ürək xəstəlikləri üçün risk faktoru olan pis xolesterol üzərində müsbət təsir göstərir, yəni bir qədər azalır" deyib.

 

"ÇAY FAYDALI VƏ SAĞLAM İÇKİDİR"

 

Qandakı yağ miqdarını azaldan çayın antioksidant təsirinə də diqqət çəkən Yılmaz, belə davam edib: "Bağırsağımızdakı faydalı bakteriyalar, mikrobiota dediyimiz floranı müsbət şəkildə yaxşılaşdırır. Biz mikrobiotanı ikinci beyin adlandırırıq. Bağırsaqlarımızın ən böyük endokrin orqan rolunu oynadığını söyləyə bilərik. Bu, xərçəng və bir çox digər xəstəliklər kimi müxtəlif xəstəliklərdə mühüm rol oynayır. Şəkər istifadə edərək çayın müsbət təsirini azaltmamalıyıq. Çayın faydalı və sağlam içki olduğuna inanırıq".

 

Yılmaz, çay içməklə yanaşı, sağlam qidalanmanın, idmanın və fiziki fəaliyyətin də əhəmiyyətli faydalar təmin etdiyini qeyd edərək, "Yoxsa 'Çay iç, xərçəngdən qurtul, çay iç, ömrünü uzat' deyərək yanlış istiqamət vermək istəmirəm. Ancaq çay, xərçəng riskini azaldır və ömrü uzadır. Sağlamlıqla bağlı digər faktorları da özümüzə qazandırsaq, sağlam bir həyat sürməyimiz mümkündür" deyib.

 

Çinarə Tarverdiyeva

Habertürk