OpenAI həftəlik 400 milyon aktiv istifadəçiyə çatdı

Bölmə: Maraqlı › ,
Tarix: 18:06 21.02.2025

OpenAI, süni intellekt çatbotu ChatGPT-nin sürətlə böyüdüyünü açıqlayıb. Şirkətin CNBC-yə verdiyi məlumata görə, OpenAI artıq həftəlik 400 milyon aktiv istifadəçiyə sahibdir. Bu rəqəm 2024-cü ilin dekabrında 300 milyon idi və qısa müddətdə əhəmiyyətli artım müşahidə olunub.

 

OpenAI, istifadəçilər arasında nə qədərinin ödənişli abunəçilər olduğunu açıqlamasa da, korporativ planların sürətlə böyüdüyünü bildirib. Şirkətin məlumatına görə, hal-hazırda ChatGPT-nin 2 milyon ödənişli korporativ istifadəçisi var və bu göstərici son altı ayda iki dəfə artıb.

 

Bundan əlavə, OpenAI-nin API-lərindən istifadə sayı da son yarım ildə ikiqat artım göstərib. Şirkət bu rəqəmləri Çinin DeepSeek şirkətinin süni intellekt sahəsində yeni rəqib texnologiyalarını təqdim etməsindən bir neçə həftə sonra açıqlayıb.

 

Mütəxəssislər isə OpenAI-nin süni intellekt bazarındakı dominant mövqeyini daha da gücləndirdiyini bildirirlər.

 

Mənbə: Techcrunch

Zeynəb Yunuszadə