Ermənistan törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmədə cavab verəcək-POLİTOLOQDAN ŞƏRH

Tarix: 19:23 25.02.2025
Azərbaycan, Ermənistanı Haaqadakı Daimi Arbitraj Məhkəməsinə verərək, işğal dövründə təbiətə və yaşayış məskənlərinə vurduğu zərərə görə təzminat tələb edir. Ermənistan isə bu tələbləri qəbul etməyərək, onları əsassız hesab edir.
Bu fikirləri “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib. Onun sözlərinə görə, Ermənistanın törətdiyi cinayətlər cavabsız qalmayacaq:
“Ermənistanın törətdiyi cinayətlər, o cümlədən soyqırımlar və Azərbaycana vurulan maliyyə və iqtisadi ziyanlar zamanla cavabını tapacaq. Ermənistan Azərbaycana qarşı faktiki olaraq talançılıq və təbiət terroru ilə məşğul olub. Ermənistan Azərbaycan təbiətini məhv edib, terrora məruz qoyub və milyardlarla dollar ziyan vurub. Həmçinin, Azərbaycanın şəhərləri və yaşayış məskənləri dağıdılıb. 30 il ərzində Azərbaycan həmin ərazilərdən istifadə edə bilməyib, bu da böyük bir zərərdir”.
Politoloq bildirir ki, Ermənistanın vurduğu zərərin məzmunu və istiqamətləri çox genişdir:
“Ermənistanın Azərbaycana vurduğu milyardlarla dollar zərəri ödəməsi məcburiyyətində qalacaq. Hələlik dünyada qarışıq bir vəziyyət mövcuddur. Azərbaycan sübutlar və dəlilləri toplayaraq beynəlxalq məhkəmələrə təqdim edib. Bu məhkəmələrin araşdırmaları yaxın gələcəkdə öz təsirini göstərə bilər”.
E.Xalidbəyli həmçinin qeyd edir ki, hazırkı tarixi mərhələdə erməni faktoru sıradan çıxmaq üzrədir:
“Erməni faktoru son dövrlərini yaşayır. Bir müddət sonra nə ermənilər, nə də erməni faktoru dünyada heç kimə lazım olmayacaq. O vaxt, Ermənistan beynəlxalq dəstəyini tamamilə itirəcək və öz cinayətlərinə görə həm beynəlxalq məhkəmələrdə, həm də Azərbaycan dövləti qarşısında cavab verməli olacaq”.
Elçin Xalidbəyli sonda vurğulayıb ki, Ermənistan öz cavabını yaxın gələcəkdə alacaq:
“Ermənistanın törətdiyi cinayətlərə görə cavab verəcəyi dövr çox uzaqda deyil,” - deyə politoloq yekunlaşdırıb.
Selcan Həsənova