Milli Teatr Günü Akademik Milli Dram Teatrında belə qeyd olundu

Tarix: 22:07 11.03.2025
Martın 10-da Azərbaycan teatr ictimaiyyəti Milli Teatr Gününü təntənəli şəkildə qeyd edib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbir teatrsevərlərə unudulmaz anlar yaşadıb.
Akademik Milli Dram Teatrında baş tutan gecə Dövlət Rəqs Ansamblının çıxışı ilə başlayıb. Tədbirin aparıcıları – Əməkdar artist Elşən Cəbrayılov və aktrisa Nəzrin Abdullayeva qonaqları salamlayaraq Milli Teatr Gününün əhəmiyyətindən danışıblar.
“Bölgə teatrlarının Bakı premyeraları” layihəsinə yekun vuruldu.
Bayram gecəsinin birinci hissəsində “Bölgə teatrlarının Bakı premyeraları” layihəsinin yekun nəticələri elan edilib. Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının dəstəyi ilə reallaşan layihədə 11 teatr 16 tamaşa ilə çıxış edib. Layihənin iştirakçılarına mükafatlar təqdim olunub.
Fədakar sənətkarlara mükafatlar verildi
Teatr Xadimləri İttifaqı da öz ənənəsinə sadiq qalaraq Azərbaycan teatr sənətinə töhfə verən fədakar sənətkarları təltif edib. İttifaqın sədri, Xalq artisti Hacı İsmayılov yeni “Teatr fədaisi” medalını təqdim edib.
Bundan əlavə, Xalq artistləri İlham Namiq Kamal və Azad Şükürov “Ümid”, “Qızılgül”, “Teatr xadimi” və “Sənətkar” mükafatlarını sahiblərinə təqdim ediblər. Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze də bu nüfuzlu mükafatlara layiq görülüblər.
“İblis və...” tamaşasına “Qızıl Dərviş” mükafatı
Gecənin ən maraqlı məqamlarından biri Akademik Milli Dram Teatrının "İblis və..." tamaşasının “Qızıl Dərviş” mükafatına layiq görülməsi olub. Tamaşanın rejissoru Mehriban Ələkbərzadəyə mükafat təqdim edilib.
Sonda Mehriban Ələkbərzadə teatrsevərləri bayram münasibətilə təbrik edərək Azərbaycan teatrının gələcək uğurlarına inandığını bildirib.
Milli Teatr Günündə bir daha sübut olundu ki, Azərbaycan teatrı öz zəngin ənənələrini qoruyub saxlayaraq yeni uğurlara doğru inamla irəliləyir.
Nigar Həsənzadə