“Təəssüf ki, bəzən hadisə yerinin müayinəsinə o qədər də əhəmiyyət verilmir”

Tarix: 22:14 11.03.2025
“İstər Prokurorluq orqanlarında, istərsə də Daxili İşlər orqanlarında cinayətlərin bütöv şəkildə açılması üçün hadisə yerlərinin müayinəsi çox mühüm prosessual əhəmiyyət kəsb edir”.
Bu sözləri hüquq müdafiəçisi Şəmsəddin Əliyev “İnformator.az”a açıqlamasında deyib.
O qeyd edib ki, istintaqın pərakəndəliyi, çoxşaxəli olması və müxtəlif budaqlarının olması istintaqın keyfiyyətli aparılmasına nəzarət edən orqanlar üçün də çətinlik yaradır:
“Həm də istintaqın aparılması və peşəkarlıq baxımından keyfiyyəti aşağı düşür. Ağır hadisələr adətən odlu silahdan istifadə etməklə həyata keçirilir. Hadisə ilə bağlı məlumat Prokurorluğa və Daxili İşlər Nazirliyinin struktur bölmələrinə daxil olduqda dərhal reaksiya vermək vacibdir.
Bu tip hadisələrə nə qədər çevik reaksiya vermək mümkün olarsa, hadisənin tez bir zamanda açılması da mümkün olur”.
Müsahibimizin sözlərinə görə, odlu silahın özünün bir trayektoriyası var:
“Məsələn, Bakı-Şamaxı yolunun kənarında meyit aşkar oluna bilər, delik-deşik olan bir maşın tapıla bilər. Və dərhal orada hadisə yerinin müayinəsi yüksək peşəkarlıqla və ehtiyatla aparılmalı, hər şeyə diqqət yetirilməlidir.
Hadisə yerində tapılan əşyalar ehtiyatla götürülməli və qablaşdırılmalıdır.
Qoşa lülədən atılan gilizlər, avtomat gilizləri hadisə yerində ola bilər və bunların hər biri götürülməlidir.
Hətta bizim versiyamız cəsəddə və ya nəqliyyat vasitəsində güllənin tapançadan atıldığını göstərsə belə, digər gilizlər də götürülməli və mütəxəssisə rəy üçün təqdim edilməlidir.
Təəssüf ki, bəzən hadisə yerinin müayinəsinə o qədər də əhəmiyyət verilmir. Beləliklə, hər kəsə bəlli olmayan, qeyri-aşkar şəraitdə baş verən cinayətin uzun müddət bağlı qalması bu cinayətkarın cəzasızlıq mühitindən istifadə edərək rahat şəkildə gəzməsinə və təkrar cinayət törətməsinə imkan yaradır.
Atəşin neçə metr məsafədən, hansı istiqamətdən açıldığını, hədəfdə güllənin izi və yuvasının dərinliyini aşkar etmək mümkündür”.
Nərmin Həşimova