"Reket mətbuat" və yaxud "reket MTN-çi" yoxdur
Bölmə: MEDİA › ,Tarix: 13:20 21.11.2015
Dövlət qurumlarının mətbuat xidmətlərinin böyük əksəriyyətində "mətbuat xidməti"nin müasir anlayışından xəbəri olmayan adamlar çalışırlar.
Bu barədə Milli.az-a "Xalq Cəbhəsi" qəzetinin, Azərbaycan və italyan dillərində yayımlanan "Via della Seta" (İpək yolu) jurnalının baş redaktoru və "Baymedia" İnformasiya Agentliyinin baş direktoru Elçin Mirzəbəyli deyib.
Baş redaktor bildirib ki, son dövrlərə qədər mətbuatda əsas problem "reket jurnalistikası" ilə bağlı idisə, problemin sərhədləri bir az genişlənib: "Məsələn, aydın olur ki, bir sıra media qurumları və saytlar bilavastilə ölkənin maraqlarına zərbə vurmaqla məşğul olurlar. Bu, təkcə məqsədyönlü şəkildə yürüdülən xəbər siyasətindən deyil, eyni zamanda qeyri-peşəkarlıqdan da qaynaqlanır. Media orqanlarının qeyri-peşəkarlığı, xüsusən də internet medianın üzərində nəzarətin olmaması, bu sahədə cəzasızlıq mühitinin baş alıb getməsi və bir çox hallarda həmin saytların arxasında dayanaraq onları himayə etməsi nəticə etibarilə bugünkü vəziyyətə gətirib çıxarıb.
Digər amil isə Azərbaycanda bir sıra nazirliklərin, dövlət komitələrinin və digər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlıdır. Onlar hesab edirlər ki, fəaliyyətləri ayda, həftədə bir dəfə press-reliz yaymaqla bitir. Yəni onlar mətbuat xidmətinin funksiyasını bu cür anlayırlar. Bu gün informasiya hər şeyi idarə edir. Əgər hər hansı bir dövlət qurumunun mətbuat xidmətinin rəhbəri hansısa qlobal bir məsələyə və ya bilavasitə həmin qurumun nüfuzunu şübhə altına alan hadisəyə 3 gündən sonra reaksiya verirsə, artıq burada nədənsə danışmağa ehtiyac qalmır".
E.Mirzəbəyli hesab edir ki, bu məsələdə problem qarşılıqlı olduğu üçün əhatəli şəkildə də aradan qaldırılmalıdır: "Fikrimcə, məsələdə bir neçə istiqamət əsas götürülməlidir: maarifləndirmə işi, peşəkarlığın artırılması və cəzasızlıq mühitinə son qoyulmalıdır. Bundan əlavə, biz çox zaman fəaliyyətlə əməli səhv salırıq. İnsan istənilən fəaliyyətlə məşğul ola bilər. Lakin onun fəaliyyəti deyil, məhz cinayət törətdiyi əməli hüququn predmetidir. Bəzən insanları "reket jurnalistikası" anlayışı ilə yanlış istiqamətə yönləndirməyə çalışırlar. Hamı bilməlidir ki, "reket jurnalistika", "reket mətbuat" və yaxud "reket MTN-çi" yoxdur. Hər bir şəxsin konkret cinayət əməli var. Sadəcə hansısa media və ya dövlət qurumunun vəsiqəsi onun üçün cinayət əməlinin həyata keçirilməsində bir vasitədir. Biz isə vasitəyə qarşı deyil, əmələ qarşı mübarizə aparmalıyıq. Təəssüf ki, bu günədək məhz vasitəyə qarşı mübarizə aparmışıq".