Mühacirətşünas alimin mühacir aydınları

Bölmə: MEDİA › ,
Tarix: 15:19 30.11.2015

İnformator Az. saytının baş redaktoru Afaq Sadıqova

Mühacirşünas alim Abid Tahirli haqqında yazarkən yadıma akademik İsa Həbibbəylinin sözləri düşdü: “Abid Tahirli geniş mənada elmi-publisist əsərləri ilə azərbaycançılıq ideyalarına ləyaqətlə və uğurla xidmət edən vətəndaş ziyalıdır”.

Abid müəllim bütün varlığı ilə vətəninə, dövlətinə xalqına bağlı bir ziyalıdır. Belə bir həmyerlimiz olduğu üçün həmişə fəxr eləmişik.

Abid Tahirli Azərbaycan mətbuatında özünəməxsus yeri, rolu olan və ən əsası öz deyim tərzi olan bir yazardır. Ötən əsrin 80-ci illərindən “Vətən” cəmiyyətinin nəzdində “Odlar yurdu” qəzeti ilə fəaliyyətə başlayan Abid müəllim burda müxtəlif vəzifələrdə çalışmış, indiyədək Azərbaycan ədəbiyyatına, mətbuatına, bütövlükdə cəmiyyətə gözdən uzaq salınmış mühacir azərbaycanlıları cavan nəslə təqdim etmişdir. Ləyaqətli, işgüzar bir alim zəhmətsevərliyi ilə bütün bunlar üçün dünyanın bir çox arxivlərində çalışmış və çox maraqlı tədqiqatlar ərsəyə gətirmişdir. A.Tahirli bu mövzuda yüzlərlə məqalənin, 20-yə yaxın kitabın müəllifidir. Xüsusi olaraq Ceyhun Hacibəyli haqda olan araşdırmaları bütöv bir dövrü əhatə edir. Abid müəllim uzun illər xalqdan gizlədilmiş mühacirətdə olan C.Hacibəylinin ömür yolunun və irsinin ilk elmi araşdırıcıdır.          Ən maraqlısı odur ki, bir insanın fonunda bütöv bir epoxanın portretini yaradır.        

Professor Nizaməddin Şəmsizadə Abid müəllimin xasiyyətini doğulduğu, böyüyüb başa catdığı diyarın təbiəti ilə müqayisə edir. Doğrudan da bu gözəl təbiətdə dünyaya göz açan insanın gözəl də təbiəti var. Abid müəllim xoşrəftar, mülayim, səbrli insandır. Çöhrəsindəki nur onun yaradıcılığında da özünü əks etdirir. Abid sözünün mənası ibadət deməkdir. Abid müəllim 60 illik ömrünün 40 ildən çoxunu elmə ibadətlə keçirib, elm abidi olub.

Hələ orta məktəbdə oxuyanda “Qalibiyyət” qazetində Abid müəllimin yazıları dərc olunur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra- 1988-ci ildə “Vətən” cəmiyyətinin xətti ilə xaricdə yaşayan azərbaycanlıları araşdırmağa başlayır. Onun ən gərgin əməyi məhz Ceyhun Hacıbəylinin taleyi, irsi ilə bağlı olur. Abid müəllim C.Hacıbəylinin ilk elmi araşdırmaçısıdır. Abid müəllim Azərbaycan mühacir ədəbiyyatının araşdırılmasında ilk sırada gedən ədəbiyyatşünaslardan biridir. Onun “Azərbaycan mühacirət mətbuatı”, “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)” , “Azərbaycan mühacirət mətbuatının biblioqrafiyası” kitabları buna əyanı sübutdur. Abid müəllimin bu əsərləri Azərbaycan mətbuat tarixinin və publisistikasının mürəkkəb və araşdırılmamış bir sahəsinə həsr edilib. Kitablarda taleyin hökmü ilə qürbətdə məskunlaşan soydaşlarımızın taleyindən, onların Vətən yolunda fəaliyyəti, həyat tərzi haqda geniş araşdırma yazılar təqdim olunur. Məhz Abid müəllimin gərgin əməyi sayəsində müasir oxucu keçən əsrin əvvəllərinə ekskurs edərək Azərbaycanın mühacir həyatı yaşamış, tanınmış ziyalıları, publisistləri haqda geniş bilgi əldə edə bilir. Abid müəllim həmçinin Azərbaycandan uzaqda yaşayan Vətən oğullarımızın-İstambulda, Ankarada, Parisdə, Berlində və s. şəhərlərdə çap etdikləri yazıları- onların ideya-siyasi istiqamətini, milli tariximizdə yeri və rolunu, materialların bir sıra sənətkarlıq məsələlərini də bizə ilə təqdim edir, elmi-nəzəri nəticələrə gəlir.

       Mühacir irsi Azərbaycan elminin və mədəniyyətinin tərkib hissəsidir. Bu irsi Azərbaycan xalqının sərvətinə çevirməyincə o boşluq özünü tariximizdə, ədəbiyyatımızda hiss etdirəcək. Lakin Abid müəllim kimi araşdırmacılarımız bu boşluğun aradan qalxmasında Azərbaycanımıza yardımçıdırlar. Heç də təsadüfi deyil ki, görkəmli alim, rəhmətlik Xeyrulla Məmmədov Abidi bu sahənin “lokomotivi” adlandırırdı.                         

     Bir də təkrar etməli oluruq ki, Abid müəllim uzun illərdir ki, mühacir həyatı yaşayan ziyalılarımız, yazarlarımız arasında Ceyhun Hacıbəylinin yaradıcılığını daha çox araşdırır. Ceyhun bəyin mühacirət dövrü yaradıcılığının ictimai-siyasi, publisistik tədqiqatlarının geniş və əhatəli şəkildə araşdırılması məhz Abid Tahirliyə məxsusdur. Azər­baycandan çox uzaqlarda-Parisdə yaşayan Ceyhun bəyin folklor nümunələrində belə xalqının azadlıq, istiqlal arzularını göstərməyə çalışmışdır.    Bütün bunlarla yanaşı, Abid müəllimin Azərbaycana qırılmaz tellərlə bağlı olan ideoloq, yazıçı-publisist, tənqidçi, Rusiya imperiyasındakı müsəlmanların taleyində öz misilsiz əməyi ilə mühüm rol oynamış İsmayıl bəy Qaspiralı haqqında yazdığı “Bütün türklərin tərcümanı” əsərini də qeyd etməmək olmur. Abid müəllim öz tədqiqatları ilə türkcü-turancı olan İsmayıl bəy Qaspiralı dühasını bir daha bizə yenidən tanıdır, İsmayıl bəyin publisistik yaradıcılığını, mətbu fəaliyyətini ölkəmizdə ilk dəfə əhatəli şəkildə ortaya qoyur. Araşdirmaçı alim XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən 30 illik bir dövrü Qafqaz müsəlmanlarının həyatında baş verən ən mühüm hadisələri “Tərcüman”ın səhifələrində əks olunan materiallar fonunda aydın göstərir və oxucunu bir daha həmin dövrə qaytarır.

Abid müəllimin bütün əsərlərində Vətən sevgisi aparıcı mövzudur. Çünki nədən, kimdən yazmasına baxmayaraq azərbaycançılıq onun üçün əsas amildir. Bu yolda ona daha uğurlu yaradıcılıq əzmi arzu edirik.