Manat qəflətən endi

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:45 28.12.2015

Müəllif:Georqi Stepanov, Novıe İzvesti, Rusiya

Azərbaycan Mərkəzi Bankı manatı sərbəst buraxaraq, üzən məzənnə siyasətinə keçdi. Beləliklə, ölkə milli valyutanın birmənalı olaraq dollara bağlanmasından imtina etdi və bu mənada Rusiya və Qazaxıstanın yolunu tutdu.

Mərkəzi Bankın bəyanatında bildirilir ki, qərar «uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə» qəbul edilib. Söhbət valyuta bazarının yeni karbohidrogen qiymətlərinə uyğunlaşdırılmasından gedir. Bloomberg agenliyi qeyd edir ki, Azərbaycan ixracatının 90%-i məhz karbohidrogenin payına düşür.

Beləliklə, dekabrın 21-nə manatın dollara nisbətən rəsmi məzənnəsi 1 ABŞ dollarına qarşı 1,55 manat səviyyəsində müəyyən edilib. Dekabrın 18-də 1 dollar 1,05 manat idi. Analitiklər qeyd edirlər ki, ABŞ Federal Ehtiyyat Sisteminin baza uçot dərəcəsini 0,25% artırdığı bir şəraitdə Azərbaycan Mərkəzi Bankın bu qərarı ölkənin qızıl-valyuta ehtiyyatlarını qorumaq üçün yeganə doğru addımdır. Görünür, gələcəkdə manatın kursu ilk növbədə qlobal neft bazarındakı vəziyyətdən asılı olacaq.

«Azərbaycan valyutası rus puluna çox bənzərdir - o da neft qiymətlərinin dinamikasına həssasdır»-deyə Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının dosenti Vasili Yakimkin bildirib. Bu, o deməkdir ki, 2014-cü il iyulunun sonundan neft ucuzlaşmağa başlayandan Bakının da işləri çətinləşib. Eyni zamanda Rusiya da daxil olmaqla MDB üzrə tərəfdaş ölkələrdə getmiş devalvasiya da Azərbaycanın mal və xidmətlərinin rəqabətqabiliyyətliliyinə mənfi təsir göstərməyə başlayıb.

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan Mərkəzi Bankı milli valyutaya olan spekulyativ təzyiqin qarşısını almaq üçün manatın kursunu 34% aşağı salıb. Bu yaxınlarda isə Mərkəzi Bankın sədri Elman Rüstəmov «Financial Times»ə müsahibəsində bildirib ki, manatın zəifləməsi tədricən həyata keçiriləcək və bu zaman «əhalinin maraqları nəzərə alınacaq». Onun sözlərinə görə, Mərkəzi Bank manatın dollara bağlılığını azaldır və məzənnənin müəyyənləşdirilməsində dollar və avrodan ibarət bivalyuta səbətinə əsaslanır. Burada avronın payı 20-30%-dir.

Ölkə prezidenti İlham Əliyev 2015-ci ilin senyabrında hökumətin müşavirəsində çıxış edərkən bildirmişdi ki, böhrana baxmayaraq ölkə inkişafını davam etdirməyə çalışacaq. «Təbii ki, bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır, iki dəfədən çox düşübdür. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin»-deyə prezident bildirib.

Qeyri-neft sektorunun xüsusi çəkisinin ildən ilə artmasına baxmayaraq, neft Azərbaycanın əsas ixrac məhsulu olaraq qalır və onun valyuta «sağlamlığını» müəyyən edir. Hökumətin hesablamalarına görə, manatın devalvasiyası nəticəsində Dövlət Neft Fondu 2016-cı ildə 2 milyard dollara yaxın vəsaitə qənaət edəcək. 1999-cu ildə yaradılmış bu Fondda neft müqavilələrinin icrasından gələn gəlirlər, həmçinin tranzit tarifləri yığılır.

Bu arada manatın problemi postsovet məkanı üçün unikal deyil. MDB ölkələrinin heç bir valyutası 2015-ci ildə müsbət dinamika nümaiş etdirməyib. Məsələn, rus rublu 22% itirib. Avropa valyutalarından isə ən böyük devalvasiyaya neftə bağlı olan Norvec kronu məruz qalıb - 16%.

Yerli xəbər agenliklərinin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının qərarından sonra ölkənin ticarət şəbəkələri xarici malların qiymətlərinə yenidən baxmalı olub, bəzi valyuta mübadiləsi məntəqələri isə bağlanıb. Ekspertlər qiymətlərin kəskin artımından və dollar kreditlərinin qaytarılmasında problemlərin yaranmasından ehtiyyatlanır. Hərçənd hələlik manatın sərbəst buraxılması heç bir istehlakçı və bank ajiotajına səbəb olmayıb.

FBK Strateji Təhlil İnstitutunun direktoru İqor Nikolayev Azərbaycan Mərkəzi Bankının qərarını məcburi və tamamilə əsaslandırılmış sayır. Bunun Rusiya iqtisadiyyatına necə təsir edəcəyi barədə sualımıza ekspert belə cavab verib: «Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı, məncə, 15%-dir və bu, yetərincə çoxdur. Manat postsovet məkanındakı «devalvasiya yarışı» nəticəsində devalvasiyaya uğrayıb. Bundan əvvəl eyni halı Qazaxıstan tengesi, Belarus rublu və başqalarında da müşahidə etmişik. Aydın məsələdir ki, Azərbaycan malları qiymətinə görə daha rəqabətqabiliyyətli olacaq və bu da müəyyən mənada bizim rublun devalvasiyasını təkan verir».