Mətbuatımıza yeni bir dərgi qədəm qoydu
Bölmə: MEDİA › ,Tarix: 14:32 01.03.2016
Mətbuatımıza yeni bir dərgi qədəm qoydu. "Ustad”... Dərginin yaradıcı kollektivi özünü şagird adlandırmalı idi, ancaq adlandırmadı. Çünki qarşıdakı məqsədləri çox böyük böyük idi, yüksəlmək, ucalmaq, "Ustad”lığa doğru addımlamaq. Elə baş redaktor Fil.ü.f.d Şəmil Sadiqin jurnalın ön sözündəki "Bacarıqlı şagird mütləq bir gün USTAD olacaq” yazısında bu barədə daha geniş məlumat verilib.
Bu ad onları hər zaman məsuliyyətli olub, daim məqsədləri üzərində daha çox çalışmağa sövq edəcək. "Kitabevim.az” kitab marketində "Hədəf Nəşrləri”nin təsis etdiyi "Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayının təqdimatı mərasiminə toplaşanlar, dərginin ilk sayında yazılanlarla tanış olanlar da bu fikirdə, bu arzuda idilər. Belə bir jurnalın işıq üzü görməsinin ehtiyacdan doğduğu vurğulandı. Jurnalın ilk sayında fərqli qələm, düşüncə sahiblərinin yazıları dərc edilib. "Ustad” ədəbiyyat və mədəniyyət insanları üçün ortaq mövqedə duran bir jurnal olacaq. Jurnalın baş redaktoru, Fil.ü.f.d Şəmil Sadiq də çıxışında "İlk sayımız çox böyük alimimiz, akademik İsa Həbibbəylinin xeyir-duası, mənim müəllimim Nizami Cəfərovun yazıları ilə başladı. Sıralama ilə tanış olduqda burada Jurnalistika fakultəsinin III, IV kurs tələbələrinin də yazılarının olduğunu görərsiniz. Oxuduqca həmçinin müşahidə edəcəksiniz ki, ədəbiyyat sahəsində fikir olaraq bir yerə gəlməyən insanlar bu jurnalda bir yerdədir.”- deyərək, əsas məqsədlərinin milli ideologiyaya xidmət edəcəyini bildi.
Bəli, ilk sayda dərc edilən İsa Həbibbəylinin "Ustadlığa doğru”, Nizami Cəfərovun "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun "Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Qan Turalının "Ustad”, Elxan Nəcəfovun "Sufilikdən bir az” məqalələrinin jurnalla ilk tanış olanlarda yaratdığı müsbət rəy onun gələcəkdə uğurlu bir dərgi olacağından xəbər verir.
Jurnalın redaktoru Nərgiz Cabbarlı da "Ustad”ın öz oxucusunun olacağına inandığını dilə gətirib: "Gənc nəslin içərisində də, yaşlı nəslin içərisində də, ədəbiyyatsevərlərin içərisində də özümüzəməxsus oxucularımız olacaq. Digər jurnallar içərisində bizim də "Ustad”ımızı axtaranlar olacaq”.
Jurnalın ilk sayında yazıların rəngarəngliyi də onu göstərir ki, hər kəs burada özü üçün maraqlı yazı ilə tanış ola və öz yazılarını dərc edə bilər.
Belə ki, jurnalda həmçinin Nərgiz Cabbarlının Rübabə Muradova haqqında "Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu”, Şəmil Sadiqin "Türk hökmdarlarının sözü və qılıncı”, Dilqəm Əhmədin "Kəmalüddövlə tvitləri”, Salvador Dali "Rənglərin söhbəti”, Fərid Hüseynlinin "Cizgi roman nədir", Səma Fuadqızının "İtkin düşmüş "Köpək” araşdırma və təhlil yazıları dərgidə yer alıb.