Azərbaycana gələn turistlərin sayının artmasını gözləyirik - Əbülfəs Qarayev

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:18 02.03.2016

"Azərbaycana gələn turistlərin sayının artmasını gözləyirik".

İnformator.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın bir sıra ölkələrdə turizm nümayəndəliklərinin açılmasına münasibət bildirərkən deyib.

Nazir vurğulayıb ki, bu turizm nümayəndəlikləri artıq öz fəaliyyətinin səmərəliliyini bir neçə ölkədə sübut edib: “Misal kimi, Almaniya və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən təmsilçilikləri göstərmək olar. İki ildir fəaliyyət göstərən bu nümayəndəliklər həm ölkəmizə gələn turistlərin sayının artmasına, həm də Azərbaycan haqqında məlumatların yerli mediada işıqlandırılmasına, ölkəmizin təbliğ olunmasına öz töhfələrini veriblər”.

Ə.Qarayev həm Almaniyada, həm BƏƏ-də keçirilən sərgilərdə Azərbaycana böyük diqqət göstərildiyini xüsusilə qeyd edərək bildirib ki, bu da görülən işin məntiqi nəticəsidir.

Nazir diqqətə çatdırıb ki, bu gün ölkəmiz üçün çox önəmli və ənənəvi olan bazarlarda da artıq işin gücləndirilməsinə ehtiyac vardır: “Biz bunu tanınmış şirkətlərlə müqavilə əsasında keçiririk. Bu şirkətlər Azərbaycanı daha geniş şəkildə təqdim etməyi, tanıtmağı öz öhdələrinə götürüblər”.