“Sabah”a yeni baş məşqçi müəyyənləşib

Bölmə: İdman › ,
Tarix: 18:13 20.06.2025

"Dambrauskasın "Sabah"a baş məşqçi təyinatını çox müsbət dəyərləndirirəm. Biz onun karyerasını vərəqləsək, görərik ki, çox müxtəlif ölkələrdə müxtəlif klubları çalışdırıb və bu bir başa məşqçi üçün çox böyük üstünlükdür. Onun işlədiyi klublar arasında Kipr klubları, Yunanıstan klubları var, futbol mentalı baxımından Azərbaycan futboluna yaxın ölkələrdi. Çünki həmin ölkələrdə də klublarda işləmək bir qədər çətindir".

 

Bu fikirləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, çətin olma səbəbi müəyyən qədər təzyiq altında olmaqdır:


"Ümumiyyətlə Vasili Berezutskidən sonra əslində istənilən bir baş məşqçinin təyinatı uğurlu olardı. Çünki Berezutski heç bir təcrübəsi olmaya-olmaya "Sabah"a gəlib və baş məşqçi kimi debütünü məhz "Sabah" da elədi. Bu baxımdan müqayisə etsək, Dambrauskas daha yaxşı məşqçidir. Açığı zaman göstərəcək, çünki Azərbaycan futbolu çox spesifikdir. Buna görə də burda hər baş məşqçi gəlib baş çıxara bilmir. Əgər baxsaq, tarix boyu elə adlı-sanlı məşqçilər gəlib ki, elə Con Benjamin Toşak bəsdir. Digəri Mustafa Dənizli, Türkiyədə neçə kluba Çempionluq gətirsə də, gəlib burda uğursuzluğa düçar olub. Bu baxımdan ilkin təəssüratım burdadır ki, bu məşqçi "Sabah"da uğurlu ola bilər".

 

Müsahibin sözlərinə görə, 3 illik müqavilə o deməkdir ki, klub rəhbərliyi də ona inanır, onu bu layihənin bir parçası kimi görür:

 

"Bu, baş məşqçi üçün də üstünlükdür ki, kifayət qədər öz komandasını formalaşdırmağa vaxtı olacaq. Yeganə mənfi məqam oradadır ki, vaxta az qalıb. Avropa Liqasının oyunu artıq iyulun 10-dadır.
Mənim görüşüm isə "Sabah"ın dəst-xəttinin, oyun tərzinin çox da ciddi dəyişikliyə məruz qalmayacağıdır. Çünki o gələrkən bilinirdi, kimlər var, kluba kimlər necə oynayır və sairə. Bu baxımdan o, mövcud xətti davam etdirəcək. Ancaq bir daha qeyd edim ki, sadəcə yaşayıb görəcəyik ki, nə, necə baş verdi".

 

Zəhra Möhübbətova