Mədəni sərvətimiz
Bölmə: Mədəniyyət › ,Tarix: 10:35 30.04.2018
Könül Məmmədova
Kitabxanaçılıq və İnformasiya fakültəsi IV kurs tələbəsi
Təbii sərvətlərimiz olduqca zəngindir. Neft yataqları, pambıq, qızıl və s. kimi sərvətlər qorunmalıdır. Lakin bunlardan da dəyərli olan bir sərvətimiz var. Bu bilik xəzinəsini, kitabları əhatə edir. Bu sərvətin dəyəri ölçülə bilməz. Bu mədəni sərvətimiz olan kitabxanalardır. Görkəmli şəxsiyyət, ümumilli liderimiz Heydər Əliyev də kitabxanaları ən zəngin sərvətlərimizdən hesab etmiş və qeyd etmişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. ”
Bəzi insanlar çox təəssüf olsun ki, kitabxana deyəndə, yalnız kitab toplusu, kitablarla dolu rəf və s. kimi anlayışları təsəvvür edir. Bu yalnız kitabxanaya deyil, kitaba da lazımi qədər dəyər verilməməsi ilə izah olunur. Hər insanın dəyəri kitablarına bərabərdir. Bir insanın zəkası, dünyagörüşü onun oxuduğu kitablarla ölçülər. İnsanlar yarandıqları gündən informasiyaya ehtiyac duymuş, oxumuş, öyrənmişlər. Kitabxanalar da hələ keçmiş zamandan mövcud olmuş, günümüzə kimi müxtəlif inkişaf mərhələlərindən keçmişdir. Kitabxanalar olduqca, onların fondlarını dolduran kitablar yaşadıqca, keçmiş deyə bir şey olmayacaqdır. Kitab ən yaxşı dostdur, kitabxana isə sənə dostunu tapmaqda kömək edən vasitədir. İnsanlar ölər, insanlar unudular amma kitablar ölməz, yaşayar, yaşadar.
Kitabı rəfə deyil, başına qoy deyiblər.Lakin unutmaq olmaz ki, bir kitab bir milləti savadlandırar. Kitab qiymətli xəzinədir, onu qorumaq, gələcək nəsillərə çatdırmaq lazımdır. Bunun üçün kitabxanalar mövcud olmalı və insanlara sadəcə rəflərdən və kitablardan ibarət olmadıqları öyrədilməlidir. Dövrümüzdə çoxumuzun arzusu universitetə qəbul olmaqdır. Bugünün gerçək universiteti isə kitabxanadır. Kitabxanaların oxucuya, diqqətə, sevgiyə ehtiyacı var. Kitabxanalar məhv olmamalıdır, əksinə çoxalmalıdırlar.
Viktor Hüqo deyib ki, “Kitabxana yaratmaq, ibadətgah tikmək qədər müqəddəsdir.” Kitabxanaya dəyər vermək, ilk olaraq, kitaba dəyər verməklə başlayar. Bir insan ancaq elmi ilə digərlərindən üstün olar. “Elmin yuvası” isə məhz kitabxanalardır. Bir milləti ancaq təhsil, savad, elm yüksəldə bilər. Deməli, millətləri yüksəldən də zəngin kitabxanalardır.
Bir fərdin şəxsiyyət olaraq böyüməsi, dünyanı dərk etməsi onun təhsil alması, məktəbə getməsiylə başlayır. Bir məktəb üçün nə ediriksə edək, əgər kitabxanası yoxdursa, demək, heç nə etməmişik. Kitabxanasız məktəb natamam təhsildir. Düzgün olmayan təhsil isə yanlış gələcək deməkdir. Bilik, təhsil, mədəniyyət mənbəyi kitablardır.
Pulu bank saxlayırsa, ondan da dəyərli olan kitabları kitabxana saxlayır. Texnologiya inkişaf etdikcə, kitablara olan maraq da azalır, artıq insanlar informasiyanı texnoloji vasitələrlə əldə edirlər. Amma heç bir əyləncə oxumaq kimi ucuz, heç bir zövq də oxumaq qədər qalıcı olmaz.
Müasir dövr kitaba, kitabxanaya olan marağı, tələbatı azaltmamalı, əksinə artırmalıdır. Roald Dahl texnologiya və kitabxana ilə bağlı fikrini belə izah etmişdir: “Yalvarıram, evinizdəki televizordan qurtulun və boşalan yerdə gözəl bir kitabxana yaradın.”
Heç şübhəsiz ki, ən görkəmli şəxsiyyətlər boşuna kitabxananı ikinci evləri adlandırmamışlar. Bu ev bizə öz qapısını açmaqla yanaşı, başqa dünyaların da qapılarını açır. Bir kitabda oxumuşdum, yazılmışdı ki, “Özünüzə böyük kitabxana qurun, o kitablar içində itin və yenə orada özünüzü tapın. Kitabxanalarda özünü itirmək də, tapmaq da zərər gətirməz.”
Kitabxanalar bizi şəxsiyyət kimi yetişdirən, informasiya ehtiyacımızı qarşılayan, bilik və elm bazamızı zənginləşdirən, bizi tərbiyə edən, sosial institutlardır. Mədəni sərvətimiz olan kitabxanaları qoruyaq. Kitabxanalardan yalnız tələbatımız olduğu halda deyil, vaxtımızı səmərəli keçirmək üçün də istifadə edək. İnternet saytlarında yox, kitabxana dəhlizlərində dolaşaq!...