Gələn il müstəqil teatrların festivalı keçiriləcək

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:42 02.12.2021

Noyabrın 29-da Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib. Görüşdə İctimai Şuranın sədri Gəray Əlibəyov, sədr müavini Şahin Qədirov və müstəqil teatrların rəhbərləri iştirak edib. Görüşün keçirilməsində məqsəd 2022-ci ildə keçiriləcək müstəqil teatrların festivalı ilə bağlı müzakirələr aparmaq, təklif və rəyləri öyrənməkdən ibarət olub.

İctimai Şuranın sədri Gəray Əlibəyov görüş iştirakçılarını salamlayıb və şuranın fəliyyəti haqqında genış məlumat verib. Müstəqil Teatrların mədəniyyətimizin və incəsənətimizin inkişafında əhəmiyyətli rol oynamasından danışıb və yüksək qiymətləndirib. Gələcək fəaliyyətlərində müstəqil teatrların problemləri ilə daha da yaxından maraqlanacaqlarına və problemin həll olunmasında vasitəçi rolunda fəal iştirak edəcəkləri vurğulanıb.

İctimai Şuranın ekspert qrupunun üzvü, xalq artisti Vidadi Həsənov festivalda iştirak edəcək teatrlardan, onların nümayiş etdirəcəkləri tamaşalardan, eyni zamanda festival çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verib.

Tədbir zamanı müstəqil teatrların rəhbərlərinin fikirləri dinlənilib. ‘’Laçın’’ teatrının rəhbəri Rauf Şahsuvarov İctimai Şuranın müstəqil teatrlara göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Müstəqil teatrların respublikanın müxtəlif şəhər və rayonlarına təşkil edilən qastrol səfərlərinin problemləri haqqında danışıb, öz təkliflərini irəli sürüb.

‘’Əsa’’ teatrının rəhbəri Nihad Qulamzadə müstəqil teatrların festivalının əhəmiyyətindən danışaraq  qeyd edib ki, bu həm də bütün teatrların özlərini təqdim etməsi üçün əlverişli mühit yaradacaq.

“DOM” teatrının rəbəri Tərlan Rəsulov festivalın formatı barədə fikirlərini bildirib. O, dövlət teatrlarında çalışan gənclərin də bu festivala qatılmasını təklif edib. Onun bu təklifi hamı tərəfindən bəyənilib.

“Cosmo” və “Səhnə” teatrlarının rəhbərləri Ümüd Abbas və Xəqani Əliyevfestivalın keçirilməsini əlamətdar hadisə adlandırıb. Eyni zamanda bildiriblər ki, müstəqil teatrlar məkanla bağlı problemlər yaşayır, bu məsələnin həlli üçün müəyyən işlərin görülməsi mühümdür.

“Human" teatrının rəhbəri Şamil İbrahimov bu festivalın müstəqil teatrların fəaliyyətində təkan olacağını, ölkədə teatr mühitinə yeni nəfəs gətirəcəyini qeyd edib.

Müstəqil teatrların fəaliyəti ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Sonra tədbir iştirakçılarının festivalla bağlı təklifləri yekdilliklə qəbul edilib. Müstəqil teatrların inkişafına dəstək olaraq keçiriləcək festivalın ictimai mühitdə bir teatr bayramına çevrilməsi arzusunda olduğu bildirilib.

Sonda İctimai Şura yanında Teatr və Kino Ekspert qrupunun işçi qrupu yaradılıb. Beş nəfərdən ibarət işçi qrupunun rəhbəri xalq artisti Vidadi Həsənov müəyyən edilib. İşçi qrupunun mütəmadi görüşü və əlaqəsi məsələsi müzakirə edilib. Festivala hazırlığın daha da sürətləndirilməsi üçün birgə fəaliyyət planın yaradılması təklifi irəli sürülüb.