Qənirə Paşayeva Nəvai Dövlət Universitetində çıxış edib.

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:30 27.10.2022

Qənirə Paşayeva Nəvai Dövlət Universitetində çıxış edib. Onun ali təhsil ocağında Xurşudbanu Natavan adına Azərbaycan mərkəzi açlması təklifi universitet  rəhbərliyi tərəfindən dəstəklənib. 
 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə gerçəkləşən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvai Dövlət Universitetində görüş və özbəkcə çıxmış “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” (“Qorabog‘da porlagan Quyosh: Xurshıdbonu Notavon”) kitabının təqdimatı təşkil olunub.
Tədbirdə MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, adıkeçən kitabın həmmüəlifi Qənirə Paşayevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Nəvai vilayətinin ən böyük universitetində keçirilən tədbirə, bu ali təhsil ocağının professor-müəllim heyəti, jurnalistlər və b. ictimai fəallar qatılıb.
Universitetin rəhbərliyini, professor-müəllim, tələbə heyətini, görüşün bütün iştirakçılarını Azərbaycan nümayəndə heyəti adından salamlayan MM Komitə sədri Qənirə Paşayeva, görüşün, “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” kitabının təqdimatının təşkili üçün bütün təşkilatçılara təşəkkür edib. O, Nəvaidə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Nəvai Universitetində belə bir gözəl tədbirin təşkilini qardaş ölkələrimizin təhsil və mədəniyyət işçiləri, aydınları, özəlliklə tələbə-gənclər arasında sıx əlaqələrin möhkəmlənməsinə, o cümlədən mədəni-ədəbi, elm-təhsil əməkdaşlığının daha da gücləndirilməsinə xidmət etdiyini deyib. Belə əməkdaşlıqda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi rolunu minnətdarlıqla vurğulayan Q.Paşayeva, dövlətlərimizin yüksək səviyyəli münasibətləri haqqında ətraflı danışaraq, Prezident Əliyevlə Prezident Mirziyoyevin uğurlu siyasəti sonucunda bu əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.
Q.Paşayeva “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” (“Qorabog‘da porlagan Quyosh: Xurshıdbonu Notavon”) kitabının, bu il anadan olmasının 190 illiyinin qeyd olunan xanım ədəbin ruhuna, irsinə ehtiram əlaməti olaraq yazıldığını deyib. O, Dos.Dr. Faiq Ələkbərli ilə birgə yazmış olduğu kitabın məziyyətlərindən danışaraq, Natəvan yaradıcılığının çağdaş özbək oxucuları üçün də maraqlı olacağına əminliyini ifadə edib. 
Komitə sədri vurğulayıb ki, kitabın özbəkcə nəşri və dost, qardaş Özbəkistanda təqdimatları görkəmli Azərbaycan şairi Natəvanın timsalında Azərbaycan ədəbiyyatına verilən dəyərin ifadəsidir.
Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhəri başda olmaqla, Qarabağın yalnız Azərbaycana deyil, bütövlükdə Türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini bildirən Komitə sədri, bu kitabın özbəkcəyə uyğunlaşdırılmasını və təqdimatlarının məhz Özbəkistan universitetlərində  baş tutmasını çox yerində olan hadisə kimi qiymətləndirib, təşkilatçılara minnətdarlığını yetirib.
Komitə sədri Q.Paşayeva qardaş ölkələrimiz arasında yalnız mədəniyyət, ədəbiyyat, elm və təhsil sahəsində deyil, bütün əməli çalışma sahələri üzrə əməkdaşlığın dərinləşdiyini bildirib. O, belə dərin əməkdaşlığın qardaş xalqlarımızın maraqlarına, birlik ruhumuza cavab verdiyini bildirib. Özəlliklə təhsil ocaqları arasında davamlı əməkdaşlığın, intensiv görüşlərin keçirilməsinin zərurətini əsaslandıran Komitə sədri, bunun çox yaxşı təcrübə olduğunu bildirib.
Q.Paşayeva qardaş ölkələrimiz arasında günü-gündən yeni dərinlik qazanan əməkdaşlığının yetərincə təcrübə topladığını məmnunluqla vurğulayıb. O, Azərbaycanla Özbəkistanın dostluq - qardaşlıq təcrübələrinin qazanılmasının Türk dünyasının ümumi maraqlarına cavab verdiyini bildirib. Komitə sədri 44 günlük müharibə günlərində özbək xalqının və dövlətinin Azərbaycana göstərdiyi mənəvi dəstəyi minnətdarlıqla qeyd edib.
Ustadlar ustadı Nəvainin adını daşıyan vilayətdə, Nəvai Universitetində çıxış etməyin şərəfli və məsuliyyətli olduğunu vurğulayan Q.Paşayeva, Nəvaini özünə ustad bilən Türk dünyası klassiklərindən, Nəvainin Nizamini özünün mənəvi ustadı bilməsindən danışıb və bunun gözəl əsərlərlə süsləndiyini, ənənələr yaratdığını söyləyib.  
Komitə sədri universitetlərin hər bir vilayətin mədəni-mənəvi zənginliyinə xüsusi rəng qatdığını deyərək, universitetin ulu Nəvainin adını daşımasını da xüsusi dəyərli hadisə olaraq şərh edib. O, Nəvainin əsərləri, irsi kimi, onun adını daşıyan hər bir ünvanın da Türk dünyası üçün doğma, əziz olduğunu deyib.
Q.Paşayeva tələbə-gənclərin, ictimai fəalların bir sıra suallarına cavab verib.  
Sonda “Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan” (“Qorabog‘da porlagan Quyosh: Xurshıdbonu Notavon”) kitabı, Azərbaycana dair digər nəşrləri, Qarabağ motivli hədiyyələri Azərbaycan nümayəndə heyəti adından Nəvai Dövlət Universitetinin kitabxanasına təqdim edilib. Arzu edənlər bu linkdən izləyə bilərlər.