Qənirə Paşayeva Prof.Dr. Rüstəm Kamalla görüşüb

Bölmə: Mədəniyyət › ,
Tarix: 08:11 19.11.2022

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, tanınmış ədəbiyyatşünas və esseist Prof.Dr. Rüstəm Kamalla görüşüb və onu yubileyi münasibəti ilə təbrik edib

Professorun yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan Komitə sədri, elmi və ədəbi yaradıcılıqda ona yeni uğurlar diləyib. Q.Paşayeva R.Kamalın 60 illik yubileyi münasibəti ilə ona Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.

Məktubda deyilir:

 

“Hörmətli Rüstəm müəllim,

Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!

Siz orta təhsilinizi Qazaxın İkinci Şıxlı kənd orta məktəbində, ali təhslinizi İ.Kant adına Rusiya Dövlət Universitetinin Filologiya fakültəsində almısız. Aspirantura və doktoranturanı da həmin universitetdə bitirmisiz.

Azərbaycanın ali məktəblərində (BDU-nun Şəki filialı, MDU, BSU, ADNSU) müxtəlif vəzifələrdə (kafedra müdiri, elmi-tədqiqat laboratoriyasının müdiri, dekan) çalışmısız. Sizin Azərbaycan və rus ədəbiyyatı ilə bağlı araşdırmalarınız məşhurdur. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmisiz. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının sədr müavinisiz.

2001 və 2011-ci illərdə Prezident təqaüdünə layiq görülmüsüz. “Qızıl Kəlmə” ədəbi mükafatı (2013), Rəsul Rza Beynəlxalq Poeziya Mükafatı (2019), “İlin alimi” adı (2017, AMEA), Əlibəy Hüseynzadə mükafatı (2016, esseistika yaradıcılığına görə) və b. mükafatlarla təltif olunmusuz.

“Oğuz ruhu: bərpa və yozum” (Bakı, 1996), ““Kitabi Dədə Qorqud”: arxaik ritual semantikası” (Bakı, 1999), “Ömür-inanc mətni” (Bakı, 2010), “Zəlimxan Yaqub: inanc işığı” (Bakı, 2010), “Yazıdan mifə” (Bakı, 2010), “Sözü işığa danışdım” (Bakı, 2012), ““Kitabi Dədə Qorqud”: nitq janrları və davranış poetikası” (Bakı, 2013), “XX əsr Azərbaycan nəsrinin poetikası: motiv analizi” (Filologiya fakultəsinin magistrlatura pilləsi üçün dərs vəsaiti; Bakı, 2021), “İqor yürüşü haqqında söyləmə: nitq janrları” (R.Novruzovla birgə; Dərs vəsaiti; Bakı, 2020), “Uzaq kölgələrin səsi: Səməd Vurğun və Vaqif Səmədoğlu haqqında esselər” (Bakı, 2019), “Güzgü günü” (Filoloji esselər; Bakı, 2017) kitablarınız ədəbiyyat, sənət və elm biliciləri tərəfindən maraqla qarşılanıb.

“İqor yürüşü haqqında söyləmə” (“Rus şeri antologiyası”; Bakı, 2011), Lev Rubinşteyn. Şeirlər (Ən yeni rus ədəbiyyatı/Antologiya. Bakı, 2014), Vsevolod Nekrasov. Şeirlər (Ən yeni rus ədəbiyyatı/Antologiya. Bakı, 2014), Valentin Katayev. Nağıllar və hekayələr (Bakı, 2020), Donald Bisset. Nağıllar (Bakı, 2020) – Sizin tərcümələrinizdən yalnız bir hissəsidir.

Siz Bəxtiyar Vahabzadə, Məmməd İsmayıl və Çingiz Əlioğlunun, Yasunari Kavabata, Mixail Bulqakov, Vladimir Nabokov, Rable Qroteski, Fransua Rable, Haynrix Böll, Kamilo Xose Sela, Besik Xaranuli, Bağater Arabuli və b. məşhur yazarların Bakıda çıxan kitablarına önsöz yazmısız.

Bir daha Sizi 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, ən xoş arzularımı yetirirəm”!

 

Komitə sədri yubilyara xatirə hədiyyəsi bağışlayıb.

Görüş və xoş sözlər üçün təşəkkür edən R.Kamal “Güzgü günü” filoloji esselər kitabını imzalayaraq Q.Paşayevaya bağışlayıb.