Azərbaycanın ilk qadın pianoçularından biri və pianoda ilk muğam ifaçısı...

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:07 12.02.2023

 
 
Həyata gözümüzü açdığımız ilk gündən etibarən bu dünya bizi hər zaman sevə-sevə bağrına basıb, əllərimizi də möhkəmcə uğura doğru səsləyirmiş kimi sıxıb... Bəzən heç buraxmayacaqmış kimi oxşayıb... bəzən də incəldiyi yerdən qoparmağa, ən ağır cəzalara məhkum etməyə çalışıb...
Xədicə xanım Qayıbovanın ( 1893-1928) da taleyini bu dünya özü dəyişib, onu ən ağır imtahanların girdabından keçirib. Gah mavi, gah da boz pəncərələrdən boylanmağa vadar edib...
O, Azərbaycanın ilk qadın pianoçularından biri idi
Xədicə Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. O, ailənin altıncı övladı olub.
Anası Züleyxa xanım XIX yüzildə Tiflisdə məskunlaşan tatar Terequlovlar ailəsindən idi. Hər ikisi ziyalı olan valideynləri qızın yaxşı təhsil almasını istəyirdi.
Xədicə xanım Qayıbovanın ilk təhsil illəri “Müqəddəs Nina” Qızlar Məktəbi ilə bağlıdır.
1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N. Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir.
Həmin il Tiflisdə vərəm xəstəliyi yayılır. Bu bəla Xədicəgilin ailəsini də vurur. Xədicə xanım Qayıbova gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən də bir müddət təhsilini davam etdirə bilmir. Qəlb sarsıntıları onu o dövdən alıb çox uzaqlara aparır...
Ailə bağları və ya eşqin rəngi
Xədicə xanıım Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlinskayanın qardaşı mühəndis Nadir Qayıbovla 1911-ci ildə ailə qurur.
Nadir Qayıbov Qafqazın müftisi, böyük maarifpərvər Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi.
Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda ünlü olan və Azərbaycan mədəniyyəti, həm də maarifi tarixində xüsusi yeri olan Qori Seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olub.
Xədicə xanım bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür.
Bakıda Xədicə xanım üçün əlverişli musiqi mühiti vardı...
O dönəmlərdə Bakıda xanım musiqiçilərə çox böyük ehtiyac yaranmışdı. Bu ehtiyacın yaranma səbəbi dahi Üzeyir bəy Hacıbəylinin var olması idi. O, mərkəzində, vuran ürəyində dayandığı bu mühitdə qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə önəm verirdi.
Xədicə xanım səhnə üçün yaradılmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı.
Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı... Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, özəlliklə Türkiyədən gələn alimlər, şairlər olurdu. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqaları yaxından iştirak edib.
Sovet dövründə Xədicə Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti əsasən maarifçilik missiyalı idi.
Sonra o, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınlar üçün Musiqi-dram studiyası yaradılır.
Həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edirdi.
Xədicə xanım Qayıbova Ü.Hacıbəyli, R.M.Qliyer, Bülbül, H.Sarabski, M.L.Presman, L.Rudolf, Q.Primov kimi sənətkarlarla çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi.
Adıkeçən kurs ləğv edildikdən sonra o, 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə professor L.Abdan dərs alır.
O tək musiqi fəaliyyəti ilə yetinmir, həm də dövrünün ictimai xadimi və görkəmli aydını kimi də öz çalışmaları ilə seçilirdi.
Həyat şərtlərinə boyun əyməyən QÜRUR
Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə Qayıbovanı 3 ay müddətinə həbs edir. O da həyat yoldaşı kimi “casusluq”da ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil tapmadıqlarına görə həbsdən azad etməli olublar.
Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi fəaliyyətlə məşğul olmağa başlayır. Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətində çalışır. Missiyası Azərbaycanın musiqi mirasının araşdırılması idi.
Çox keçmir… 1937-ci ildə Xədicə Qayıbovanın həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır: Rəşad Qatıbov 1938-ci ildə qətlə yetirilir...
O, enerjili, nikbin və təşəbbüskar bir qadın idi... Elə bu səbəbdən cahillər yolunu kəsdi, işığını söndürməyə çalışdı...
1938-ci ilin 16 mart tarixində Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın Birinci bölməsinin Üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi...
“Türk və İngilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat Partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb edilməlidir”.
Bu arayış çox böyük fəlakətləri öz ardı ilə gətirir...
Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 saylı orderinə əsasən həbs edilir.
1938-ci il aprelin 28-dək Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir və 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə, casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnir.
Zaman zalımların və elə cəlladların da cəlladı ola bilər... öz hökmünü gec versə belə... – Güllələnmə hökmünə səbəb olanlar bir müddət sonra özlərinə də məhkəmə qarşısına çıxarılır.
1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunaraq güllələnməsi haqqında Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı bilgi istəyir.
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.
Bu qadının maarif işığını söndürməyə, onun yolunu çox kəskin ittihamların ağırlığı ilə kəsməyə, ən əsası da ruhunu susdurmağa, sındırmağa çalışdılar... Bunu fiziki baxımdan bacarsalar da, mənəvi baxımdan bacarmadılar, uduzdular – Tarixə yenik düşdülər!..
Xədicə xanım Qayıbova yaradıcı ömründın-günündən ayrılmağa məcbur edildiyi o məşum gündən hələ də boylanır... Onun pianosunun dilləri ətrafa işıq saçır. Onun – Xədicə xanım Qayıbovanın ruhu şaddır; onun yaradıcılığı, şəxsiyyəti, özkeçmişi bütün kəsafətlərə qarşı mənəvi mübarizədədir və qalibdir! Onun haqqında yazmaq, danışmaq gələcək nəsillərə keçmişin həqiqətlərini çatdırmaqdır...
Q.Paşayeva
MM-in Mədəniyyət Komitəsinin sədri