Qənirə Paşayeva Əməkdar jurnalist İttifaq Mirzəbəyli ilə görüşüb

Bölmə: Mədəniyyət › ,
Tarix: 21:18 20.02.2023

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Əməkdar jurnalisti, “Xalq qəzeti”nin şöbə müdiri İttifaq Mirzəbəyli ilə görüşüb

İttifaq Mirzəbəylinin jurnalistikada, o cümlədən rəsmi media orqanında uzunmüddətli və qabaqcıl xidmətlərini xatırladan Komitə sədri, 70 illik yubileyi münasibəti ilə ona Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Təbrik məktubunda yubilyarın jurnalistika sahəsində yaradıcı fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:

“Hörmətli İttifaq müəllim,
Sizi 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1953-cü il fevral ayının 10-da Qəbələnin Mirzəbəyli kəndində doğulmusuz. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki ADMİU) Mədəni-maarif fakültəsinin 1975-ci il məzunusuz. Ali təhsil aldıqdan sonra Bakıdakı 14 saylı Texniki peşə məktəbində “Estetikanın əsasları” fənnindən dərs demiş, Respublika “Bilik” Cəmiyyətinin təsisçiliyi ilə nəşr olunan “Dalğa” qəzetində ədəbi işçi və şöbə müdiri vəzifələrində, eləcə də Dövlət Radiosunun “Xəbərlər” Baş redaksiyasında redaktor, böyük redaktor, şərhçi və “Son xəbərlər” şöbəsinin müdiri vəzifələrində çalışmısız.
1976-cı ildən “Xalq qəzeti” redaksiyasında xüsusi müxbir, Prezidentin tədbirlərini içıqlandıran xüsusi müxbir, siyasi analitik qrupun rəhbəri vəzifələrində çalışmısız. Hazırda qəzetin şöbə müdirisiz. Prezident Kitabxanasındakı müxtəlif elektron resurslarda Sizin müəllifi olduğunuz minə yaxın məqalə toplanıb.
1996-cı ildə “İlin jurnalisti” adına, 2003-cü ildə Həsən bəy Zərdabi diplomuna, 2005-ci ildə isə Prezident Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülmüsüz. Ümummilli lider Heydər Əliyevin yubileyləri münasibətilə keçirilən bir çox publisistika müsabiqəsinin qalibi olmusuz.
Siz 10-dan çox kitabın müəllifi, 20-dək kitabın tərtibçisi, redaktoru və ya ön söz müəllifisiz.

Sizi 70 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Əməkdar jurnalist İ.Mirzəbəyli görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.