"Artıq mədəniyyətin də doğma torpaqlara qayıdışı başlanıb" -
Bölmə: Mədəniyyət › ,Tarix: 20:18 27.04.2023
Mədəni-estetik dəyərlərimizin və ədəbi dilimizin təbliğindən danışarkən "Mədəniyyət" qəzetinin fəaliyyətini xüsusilə vurğulamalıyıq. Ölkəmizdə mədəniyyət sahəsində elə bir mötəbər tədbir yoxdur ki, onun səhifələrində yer almasın. Təsisçisi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi olan qəzetin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr edilməyə başlayıb. Nazirliyin başlıca mətbu orqanı kimi fəaliyyətə başlayan qəzetin əsas məqsədi dünyada və ölkəmizdə baş verən mədəniyyət sahəsindəki ən son xəbərləri ictimaiyyətin diqqətinə çatdıraraq və mədəni-estetik dəyərlərimizin ənənəvi mediadaki təbliğatçısı olmaqdır.
Mədəniyyət qəzetinin mədəni-estetik dəyərlərimizin qorunmasındaki əsas istiqamətləri və nəşrləri ilə bağlı suallarımızı Mədəniyyət qəzetinin baş redaktoru Vüqar Əliyev cavablandırdı.
Mədəni-estetik dəyərlərin qorunmasında medianın, o cümlədən “Mədəniyyət” qəzetinin rolunu necə qiymətləndirirsiniz?
– Mədəniyyət hər bir xalqın, toplumun siması hesab edilir. Mədəni dəyərlər deyəndə bir toplumun inancları, dili, adət-ənənələri, sənət zövqü, bir sözlə, etnik-mədəni sistemi başa düşülür. Azərbaycan xalqının da çox qədim və zəngin mədəniyyəti var. Əcdadlarımızın həyat və məişəti, dünyaya baxışı, estetik görüşlərinin məcmusu olan bu mədəni zənginlik nəsildən-nəslə ötürülərək çağımıza gəlib çıxıb. Sivilizasiyanın hər bir mərhələsi bu dəyərlərə öz naxışını vurub, onu cilalayıb. Bu gün xalqımız sahib olduğu qədim ənənələr sisteminə öz yeni çalarlarını bəxş edir.
Mədəni dəyərlərin qorunmasının başlıca şərti onun təbliğ olunmasıdır. Təbliğat isə lokal şəraitdə hər hansı tədbirlə, aksiya ilə istənilən nəticəni verə bilməz. Bu mənada, xalqın hər bir fərdinin malik olduğumuz dəyərlər haqqında məlumatlı olması böyük əhəmiyyət kəsb edir. Bu prosesdə də ən əhəmiyyətli təbliğat vasitələrindən biri, sözsüz ki, mediadır. Kütləvi informasiya vasitələrinin oxucu, dinləyici və tamaşaçı kontingenti geniş olduğundan bu müstəvidə təbliğat daha effektivdir.
Mədəniyyət Nazirliyinin mətbu orqanı, 1991-ci ildən nəşr olunan və müstəqil Azərbaycanın yaşıdı olan “Mədəniyyət” qəzeti respublikamızın mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırır, oxuculara ölkə və dünya mədəniyyəti ilə bağlı ən maraqlı məlumatları çatdırır. Qəzetdə teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin fəaliyyəti diqqətdə saxlanılır. Bundan əlavə, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət-ənənələri və mənəvi dəyərləri, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular da qəzetin gündəm mövzularını təşkil edir.
Onlayn medianın geniş vüsət aldığı bir dönəmdə qəzetimiz Azərbaycan mədəniyyətindəki yeniliklərin, sözün həqiqi mənasında, salnaməsini yaradır. 2008-ci ildən qəzetin internet saytı (www.medeniyyet.az) da fəaliyyət göstərir və hazırda ölkəmizdə mədəniyyətlə bağlı ən zəngin elektron resursdur.
Son illərdə qəzetinizin işıqlandırdığı ən yaddaqalan mədəniyyət hadisələri hansılardır?
– Qəzetimizin son 10 ildəki fəaliyyətinə nəzər yetirsək, mədəniyyət salnaməmizə yazılmış bir sıra əlamətdar hadisələrin yaşandığını deyə bilərik. Ölkəmizin mötəbər beynəlxalq tədbirlərə, mədəniyyətlərarası dialoq forumlarına, idman yarışlarına, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII (2013), UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü, sessiyalarına (2019), BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna (2016) ev sahibliyi etməsini, habelə mədəni mirasımızın UNESCO-nun müxtəlif siyahılarına daxil edilərək bəşəri status qazanmasını qeyd edə bilərik.
2020-ci ilin 44 günlük Vətən müharibəsi isə xalqımıza əbədi Zəfər ruhu bəxş etdi. İşğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Qələbədən qısa müddət sonra Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün erməni vandalları tərəfindən güllələnmiş heykəllərinin doğma Şuşaya qaytarılması, qala-şəhərimizdə “Xarıbülbül” festivalı və Vaqif Poeziya Günləri ənənəvi sənət və ədəbiyyat bayramlarının bərpa olunması da yaddaqalan, qürur doğuran hadisələrdir. Onu da əlavə edək ki, 2022-ci ildə təşkil olunan “Xarıbülbül” festivalını işıqlandırmaq üçün qəzetimizin iki əməkdaşı da Şuşaya ezam olunmuşdu.
Bu gün qəzetimizdə əzəli yurd yerlərimiz Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın da salnaməsi yazılır. Erməni vandalları tərəfindən yerlə yeksan edilmiş ata-baba yurdlarımız Prezident İlham Əliyevin bilavasitə nəzarəti və diqqəti ilə yenidən ayağa qaldırılır. Artıq mədəniyyətin də doğma torpaqlara qayıdışı başlanıb. Bütün bu tarixi-mədəni yeniliklərə təkcə şahid olmaq deyil, onu qürur hissi ilə işıqlandırıb oxuculara, həm də gələcək nəsillərə ərməğan etmək böyük məmnunluq yaradır.
Mədəni yeniliklərin işıqlandırılması necə tənzimlənir?
– Ölkə başçısının mədəniyyət sahəsi ilə bağlı imzaladığı fərman və sərəncamlar, dövlət proqramları və s. sənədlər, həmçinin Mədəniyyət Nazirliyinin həyata keçirdiyi tədbirlər, layihələr qəzetdə davamlı işıqlandırılır.
Kollektivdə mədəniyyətin ayrı-ayrı sahələri üzrə yazı hazırlamaq vərdişlərinə yiyələnmiş peşəkar əməkdaşlarımız var. Onlar müxtəlif sahələr üzrə keçirilən tədbirlərdən informasiya hazırlamaqla yanaşı, kitabxana, muzey, qalereya, arxiv, teatr, tarix-mədəniyyət abidələri və s. müəssisələrdən reportajlar, sənət adamlarından müsahibələr hazırlayırlar. Teatr, kino, musiqi, təsviri sənət və digər sahələrdəki yeniliklər barədə qəzetdə mütəmadi informasiyalar verilir. Bundan əlavə, yaradıcılıqları ilə Azərbaycan incəsənətini, ədəbiyyatını zənginləşdirmiş şəxsiyyətlər haqqında xatirə (portret) yazılar da dərc olunur.
Müxtəlif illərdə qəzetin “Kitab” (2013, “Cümhuriyyət – 100” (2018), “İmadəddin Nəsimi – 650” (2019), “Nizami Gəncəvi – 880” (2021) xüsusi buraxılışları, həmçinin “Mədəniyyət+Afişa” aylıq əlavələri işıq üzü görüb.
Natəvan Abbaslı