"Mədəniyyət kanalının 44 günlük müharibə dövründə fəaliyyəti zəngin olub" - Ülviyyə Kərimova

Bölmə: Mədəniyyət › ,
Tarix: 12:31 28.04.2023

“Mədəniyyət” telekanalı bu gün mədəni dəyərlərin, maarifçiliyin, doğma ana dilimizin, incəsənətimizin əsl təbliğatçısı olmaqda davam edir.

 

“Mədəniyyət” telekanlarının fəaliyyəti hər zaman diqqət mərkəzindədir. Onun Azərbaycan teleməkanındaki əsas fərqi və istiqamətləri ilə bağlı müsahibim Mədəniyyət telekanalının direktoru - Ülviyyə Kərimovadır .

 

Bu gün Azərbaycan teleməkanında Mədəniyyət kanalının fərqi nədədir?

Mədəniyyət kanalının əsas fərqi və özəlliyi budur ki, ancaq bizdə, ancaq Mədəniyyət kanalında sırf mədəniyyətlə bağlı verilişlər, konsertlər və xüsusən də mədəniyyət xəbərlərinə yer verilir. Bu mənim üçün ayrıca özəldir. Çünki heç bir kanalda, heç bir xəbər buraxılışı tamamilə mədəniyyətə həsr olunmur. Biz sırf mədəniyyətə qulluq edirik və faktiki olaraq Azərbaycan mədəniyyətinin tv platformasıyıq.

 

Mədəni-estetik dəyərlərin qorunmasında ölkəmizlə yanaşı dünyada medianın rolunu necə qiymətləndirirsiniz?

Təbii ki, çox yüksək qiymətləndirirəm. Çünki mənəvi dəyərləri, mədəni dəyərləri ictimaiyyətə necə və nə formada çatdırmaq, təbliğ etmək media üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, media çox böyük bir qüvvədir. Bu baxımdan mədəni-estetik dəyərlərin təbliğində həm televiziyanın, həm internet platformaların, həm də radionun üzərinə böyük məsuliyyət düşür.

 

Mədəni-estetik dəyərlərin təbliğində Mədəniyyət telekanalının fəaliyyətinin əsas istiqamətləri nələrdir və bu işdə üzərinə nə kimi məsuliyyət düşür?

Biz özümüz sosial yönümlü müxtəlif çarxlar hazırlayırıq. Onlar bizim kanalda kənardan da gələndə xüsusi yer tutur və tam təmənnasız olaraq yerləşdirilir. Biz bu sosial çarxlara böyük önəm veririk, seçirik və çalışırıq gün ərzində çox tez-tez verək. Mənəvi Dəyərlərin Təbliğatı fondu, Ailə Qadın Cəmiyyəti tərəfindən də bizə çoxlu çarxlar göndərilir.

 

Hazırda çox böyük problemlər var. Bu problemlər həm qadınlarla, həm də milli-mənəvi dəyərlərlə bağlıdır. Biz çalışırıq ki, onları təbliğat formasında sosial çarxlarla, həm də verilişlərlə ictimaiyyətə çatdıraq. Bizdə efirdə də elə verilişlər var ki, sırf ona yönəlib. Efirdə daimi yerlərini tutub və həmin verilişlərdə çalışırıq ki, biz mütəmadi olaraq bu məsələlərə toxunaq və lazım olan mesajı cəmiyyətə ötürək.

 

Mədəniyyət telekanalının zəngin arxivi olan Aztv-nin nəzdində fəaliyyətə başlamasının üstünlükləri nələrdir?

Üstünlükləri odur ki, həmin arxivlərə bizim birbaşa çıxışımız var. Həmin arxivlərdən Azərbaycanın heç bir telekanalında yoxdur. Burada artıq elektron arxiv sistemi də qurulub. Həm musiqi, həm poeziya, həm də dünyasını dəyişən sənətkarlara aid lent yazıları və müsahibələrin olduğu çox zəngin bir bazamız var.

 

“Muğam” Televizya Müsabiqəsinin, eyni zamanda Vətən müharibəsindən sonra Şuşada keçirilən tədbirlərin yayımlanmasında və mədəni dəyərlərimizin təbliğində Mədəniyyət telekanalının fəaliyyəti necədir?

Birincisi 44 günlük müharibə dövründə fəaliyyətimiz çox zəngin idi. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarda bir çox mədəniyyət yenilikləri, konsertlər, tədbirlərin keçirilməsində Mədəniyyət kanalı birbaşa iştirak edib və işıqlandırıb. Bunlara misal olaraq Vaqif Poeziya Günləri və Xarı Bülbül Musiqi Festivalını qeyd etmək olar. Başqa kanallarda süjetə 2-3 dəqiqə vaxt ayrılanda biz 7-8 dəqiqə ayırırıq. Çünki bizim yönümüz mədəniyyətdir. Həmçinin prioritet mövzular işğaldan azad olunmuş torpaqlarımızda keçirilən mədəniyyət tədbirləridir. Bu muzey açılışları, hansısa poeziya axşamları, festivallar və komsertlərdir. Hətta keçən il yeni ildə Aztv-Mədəniyyət kanalı yayım eləyib və biz Ağdamdan canlı olaraq çıxmışıq. Novruz bayramında Ağalı kəndində ilk bayram yayımı yenə də Aztv-Mədəniyyət verib. Yəni çalışırıq həmişə bir addım öndə olaq.

 

Muğam müsabiqəsi də bizdə çox geniş işıqlandırılır. Çünki bu bizim QSC-nin sırf öz layihəsidir. Buna görə də ona çox geniş yer ayrılır. Efirdə yanaşı verilişlərin təkrarları, geniş müsahibələr, birbaşa bağlantılar, yayımlar həyata keçirilir. 

 

Natəvan Abbaslı