"Bütün elmlərin şahı mədəniyyətdir" - Kulturoloq Vüsalə Məmmədzadə
Bölmə: Mədəniyyət › ,Tarix: 13:44 28.04.2023
Bir milləti millət edən onun tarixi və mədəniyyətidir. Bütün bunlar isə özlüyündə birlikdən və bərabərlikdən doğan ən dəyərli miras hesab olunur. Tarixən qismən də olsa unudulan mədəniyyət bu gün mətbuat vasitəsi ilə dünyaya çatdırılır. Mədəni-estetik dəyərlərin təbliği ilə bağlı suallarımızı Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kulturoloq Vüsalə Məmmədzadə cavablayıb.
Mədəni-estetik dəyərlərin qorunmasında medianın rolu və onun media mühitində yeri
Mədəniyyət çox geniş bir sahədir. Yayılma sistemi bir neçə istiqamətdə olan mədəniyyətin içində elm, təhsil, əxlaq inkişaf və rifah var. Orta məktəbdə deyilirdi ki, bütün elmlərin şahı riyaziyyatdır. Amma mən deyərdim ki, bütün elmlərin şahı mədəniyyətdir. Çünki mədəniyyət, mədəni dəyər və mədəni inkişaf olmasaydı nə riyaziyyat, nə fizika, nə də digər sahələr olardı. Çünki mədəniyyətin özündə də elm var və orada bütün sahələr özünü göstərir. Mədəniyyətin yayılma sistemi ilk növbədə məktəbəqədər, orta məktəb, universitet və digər ali təhsil müəssisələri ilə əlaqəlidir. Lakin ən önəmli sahələrdən biri də mediadır ki, mədəni dəyərlərin qorunmasında, onun yayılmasında, birbaşa təbliğatında KİV-in, televiziyanın və kinematoqrafiyanın rolu əvəzsizdir. Bunların hamısı birbaşa mədəni estetik dəyərlərin daşıyıcıları hesab olunur. Niyə kinematoqrafiya ? Çünki estetika gözəlliyi hiss eləmək, onu qavramaqla yanaşı, daha çox incəsənətə bağlı olan bir sahədir. Burada da mədəni dəyərləri qorunub ötürülməsi baxımından filmlərin çox böyük rolu var.
KİV dedikdə əsasən kommunikasiya vasitələrini göstərmək olar ki, internet özü də bura daxildir. İlk dəfə mədəni esteik dəyərlərin yayılması isə XV əsrdə Avropada yaranan mətbuatla bağlı olub. Lakin müxtəlif informasiyaların transliyasiya forması həmişə strukdurca dəyişir. Yəni zaman keçdikcə bu, onun strukturunda da özünü göstərir. Əslində janr baxımından çox geniş olan mətbuat dedikdə qəzetin, jurnalın, təsviri nəşrlərin və reklamın böyük rolu olduğunu da qeyd etməliyik. Mətbuatın özünün də müxtəlif texnoloji vasitələri ki var, bunlar da onun tərkin hissəsi olan rəsm, foto kimi qrafik elementlər hesab edilir. Bir də ən əsası medianın rolu deyəndə radionu da xüsusilə vurğulamaq lazımdır. İlk dəfə Moskvada 1922-ci ildə səslənən radionun fəaliyyəti zamanı gördülər ki, həqiqətən də mədəni dəyərin , gündəlik həyatın işıqlandırılmasında onun çox böyük rolu var. Hətta radionu kağızsız və məsafəsiz qəzet adlandırırdılar. Hələ söhbət 1922-ci ildən gedir. Ümumiyyətlə, o nəinki mədəni dəyərləri yayır, həm də radio teatrları, radio reportajları ilə birbaşa mədəni estetik dəyərlərin təbliğatçısına çevrilir. Bu gün bəzi radio dalğalarında çox maraqlı yaradıcılıq portretləri mədəni dəyərləri işıqlandırır, yayır və təbliğ edir. Həm də insanlarda mədəniyyətə maraq oyadır və mədəniyyəti və estetik şüuru qavrama vərdişlərini formalaşdırır. Bununla da mənəvi sərvətlərin gündəlik həyatda istifadə olunmasında böyük rol oynayır. Mənəvi dəyərlərin yayılması və təbliğatı dedikdə vizual olaraq mətbuat vasitəsilə və yaxud da akustik olaraq radio vasitəsilə inkişafı nəzərdə tutulur. Bu yeni növlər isə televizya və kinonun yaranmasına səbəb olub. Məsələn televiziya vasitəsiə kinonun, teatrın, musiqinin yayılması birbaşa estetik dəyərləri təbliğ etməkdir. Elə kinonun özü də obrazlılığı ilə, müxtəlif plastik səsləri ilə mənəvi dəyərlərin yayılması prosesinə geniş imkan verir.
Biz hazırda texniki sivlizasiyanın inkişafı dövrünü yaşayırıq. Bununla əlaqədar olaraq da Twitter , Instagram, Facebook kimi sosial şəbəkələr, bir sözlə yeni media daha aktivdir. Bununla da mədəni dəyərləri çox rahatlıqla milyonlarla insana birbaşa çatdırmaq olur. Amma çox təəssüf ki son dövrdə media layiq olduğu yerdə deyil. Ya mədəni dəyərlər anlayışı düzgün dərk edilmir, ya da bəzi dırnaq arası media nümayəndələri boş reklam və gündəm yaratmaq üçün yalan məlumatlara, əsassız xəbərlərə yer verillər. Məhz buna görə də mətbuatda çox böyük bir boşluq var.
Zəngin mədəniyyət tarixmizin tanıdılmasında müasir medianın əhəmiyyəti nədir?
Alman filosofu Hegelin belə bir fikri var: Əgər hər hansı bir xalqın müdrikliyini öyrənmək istəyirsənsə, onun yeganə bir açarı var. O da mədəniyyətin əlindədir. Həqiqətən də hər bir xalqın dəyərini, kimliyini tanıtdırmaq istəyirsinizdə mütləq şəkildə o xalqın mədəni dəyərini doğru, dürüst təbliğ edib qonu çatdırmaq lazımdır. Son on ildə ölkəmizdə durmadan böyük mega tədbirlər keçirildi. Bu meqa tədbirlər dövlətimizin ən uğurlu mədəniyyət siyasəti oldu. Hələ 10-15 il bundan əvvəl Azərbaycan mədəniyyəti, Azərbaycan tarixi deyəndə təəssüf ki bizi dünyada tanıyan çox az dövlətlər var idi. Mən xarici ölkələrdə olanda da şahid olmuşam ki, Azərbaycan mədəni dəyərini erməni mədəni dəyəri kimi təbliğ ediblər. Dövlətimizin ən əsas məqsədi odur ki, Azərbaycan mədəniyyətini, Azərbaycan tarixini dünyaya tanıtdırsın. Tanıtdırmaq üçün isə meqa tədbirlər ortaya qoyuldu. Avroviziya, “Bakı-2015” Avropa Oyunları, onun ardınca İslam Həmrəylik Oyunları və formulalar . Əslində bu oyunlardan başqa avropa ölkələri imtina etdiyi halda biz bunları qəbul etdik. Çünki o dövrdə torpaqlarımız işğal altında idi. Və bizim çox böyük ehtiyacımız var idi ki, biz bu mega tədbirlər vasitəsilə dünyaya Azərbaycanın zəngin mədəniyyətini tanıtdıraq, mədəniyyət beşiyi olan Qarabağın tarixini bütün bunlarla təbliğ edə bilək. Avroviziyanı ona görə biz ölkəmizdə keçirtdik ki, o dövrdə bizim ən həssas dövrümüz idi. Ən azından bizi sevən və sevmiyən dünyanın bir sıra ölkələrindən müsabiqə ilə əlaqədar məcbur olub ölkəmizə gəldilər. İstər-istəməz tədbir keçirilən zaman internet vasitəsilə Azərbaycanın harada yerləşməsi ilə bağlı araşdırmalar apardılar. Çünki bu da gerçəklikdir ki, Azərbaycanın coğrafi baxımdan harada yerləşdiyini belə bilməyən Avropa ölkələri var idi. Avroviya zamanı isə dünyanın əllidən çox ölkəsindən birbaşa canlı yayımla Azərbaycanı göstərdilər və bütün diqqət Odlar Yurduna yönəldi. “Bakı 2015” Avropa Oyunları ilk dəfə keçiriləndə onun açılışı da möhtəşəm oldu. Heydər Əliyev Fondu bunu xüsusi olaraq işlədi. Müasir medianın əhəmiyyəti bu tədbirin keçirilməsində və işıqlandırmasında özünü daha çox göstərdi. Bu oyunların keçirilməsi zamanı Azərbaycan öz mədəni dəyərlərini dünyaya tanıtmaq baxımından çox böyük uğur qazandı. Hətta bu oyunların açılış mərasimi dünyanın 56 ölkəsindən canlı şəkildə yayımlandı. Bir saata qədər baş tutan açılış mərasimində qədim Azərbaycan mədəniyyəti təbliğ olundu. Azıx mağarasından Qobustan tarixi memarlıq qoruğuna, Paleolit dövründən Mezeolit dövrünə qədər, Qarabağın tarixi, mədəniyyəti, muğam və aşıq sənətimiz, ədəbiyyatımız möhtəşəm şəkildə media vasitəsilə dünyaya çatdırıldı. Bununla da dünyaya mesajımızı elə mədəniyyətimizlə göndərdik.
Eyni zamanda İslam Həmrəylik Oyunlarında da dünyanın 50-dən çox ölkəsi birbaşa canlı olaraq Azərbaycana bağlandı. Bu oyunun açılış mərasimində uçan xalça üstündə Alim Qasımov muğam oxuyurdu. Biz bununla da dünyaya göstərdik ki, xalçaçılıq sənəti də, muğam sənəti də Azərbaycana aiddir. Bu gün onun Unesconun Qeyri Maddi Mədəni İrs Siyahısına daxil olması da bu cür təbliğat vasitələrinin hesabına baş tutdu.
Formula oyunları bir çox ölkələrdə şəhər mərkəzindən kənarda keçirilsə də ölkəmizdə tam əksi oldu. Və bizim bunu şəhərin mərkəzində etməyimizə də səbəb peykdən aparılan çəkilişlərdə əsas məqsəd “İçəri Şəhər”, “Qız qalası”, “Şirvanşahlar sarayı” kimi tarixi memarlıq abidələrimizi dünyaya tanıtmaqdır. Bax budur, bizim mədəni dəyərimizi, mədəniyyət tariximizi media vasitəsi ilə təbliğ etmək. Bunlar media vasitəsilə dünyaya tanıdılan ən uğurlu mədəni təbliğatdır.
Mədəni-Estetik dəyərlərin mediada təbliği bizə nə qazandırır?
Hər hansı bir xalqı məhv etmək üçün onun mədəni dəyərlərini məhv etmək kifayətdir. Mədəni-estetik dəyər hər zaman media tərəfindən təbliğ olunmalıdır ki, bizim gələcək nəsil ali olsun, inkişaf edərək yüksək nailiyyətlər qazansın. Yəni bu mədəni dəyər nə qədər inkişaf edirsə xalq inkişaf edir.
Mədəni və estetik dəyərlərin media vasitəsilə təbliğatında ən böyük uğur Azərbaycanın mədəniyyət siyasəti oldu. Son on onbeş il ərzində keçirilən böyük tədbirlər təşkil olundu. Bu tədbirlər Azərbaycanın zəngin tarixi, mədəni dəyərlərini bütün Avropaya bu media vasitəsilə çatdıra bildi.
Bu isə xalqımızın mədəniyyətinin qələbəsi idi. Unutmaq olmaz ki, dünyaya sözünü müharibə ilə deməyə çalışanlar nifrət, mədəniyyətlə deməyə çalışanlar isə sevgi qazanar.
Hüseyn Cavidin dediyi kimi:
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət,mədəniyyət, mədəniyyət....
Sülhün olduğu yerdə mədəniyyət, mədəniyyətin olduğu yerdə isə rifah və inkişaf var.
Natəvan Abbaslı