Fransa Afrika qitəsindən sıxışdırlır- SƏBƏBLƏR
Bölmə: Siyasət › ,Tarix: 13:11 23.06.2023
Fransa dünya nəhənglərinin mübarizə meydanına çevrilən və günü-gündən siyasi əhəmiyyəti artan Afrika qitəsindən sıxışdırılır.
İnformator.az xarici mediaya istinadən xəbər verirk i, ölkənin müstəmləkə tarixi və xarici siyasətinin vacib hissəsi olan bölgədən əli üzülməkdədir. İkinci Dünya Müharibəsindən sonrakı müstəmləkəçilik əleyhinə proseslə başlayan geosiyasi dəyişiklik digər dövlətlərin maraqlarının bölgəyə yönəlməsindən sonra daha da güclənib. Qitə ölkələrinin Fransaya etimadının itməsi onun buradakı mövqeyini də sarsıdır.
Çad Sudan sərhəddində patrul xidməti aparan fransız əsgərlərini saxlayıb. Bu barədə yerli mətbuat orqanları məlumat yayıb. Sosial mediada paylaşılan görüntülərdə Çad ordusunun əsgərlərinin 5 fransız əsgərin silah və texnikalarını götürdüyü əks olunub. Bildirilir ki, fransız əsgərləri icazəsiz bazaya daxil olublar. Fransa rəsmiləri isə həbslə bağlı iddiaları rədd edərək, anlaşılmazlıq olduğunu bildirirlər. Qeyd edilir ki, iyunun 8-də baş verən hadisə zamanı Fransa-Çad birgə patrul həyata keçirib. Əsgərlər sərhəddən 45 kilometr aralıda saxlanılıblar. Çünki keçid məntəqəsində olanlar missiyadan xəbərsiz olublar. Anlaşılmazlıq aradan qaldırıldıqdan sonra isə əsgərlərin patrula davam etməsinə icazə verilib.
Əsgərlərin saxlanması açıq-aşkar Fransa ordusunun Afrikada nüfuzunu itirdiyini göstərir. Görünən odur ki, Fransa müstəmləkələrini bir-bir itirməyə davam edir. İlk olaraq Mali əldən çıxıb. Rəsmi Paris bu ölkədə yerləşdirdiyi qoşununu ötən il yaranan siyasi böhrandan sonra yerli hakimiyyətin tələbi ilə Malidən çıxarıb. Səbəb isə fransız əsgərlərin Barxan əməliyyatı çərçivəsində terrorla mübarizə aparmaq üçün bölgədə olduğu dövründə, ərazidə terror hücumlarının daha da artması olub. Hətta Fransanın ölkədə baş verən çoxsaylı çevrilişlərə görə məsuliyyət daşıdığı da deyilir.
Siyasətçi Kvaku Dansonun Mali və Fransa arasında münasibətlərin korlanmasının bir yox, bir neçə səbəbi olduğunu düşünür: “Əvvəla Malidə fransız idarəçiliyi getdikcə qeyri-populyar oldu. Fransa əsgərlərinin ölkəyə yerləşdirilməsindən sonra zorakı ekstrimist hücumların sayı davamlı artmağa başladı. İnsanlarda belə düşüncə varıydı ki, təkmil hərbi imkanlara sahib fransızlar bu vəziyyəti yoluna qoymağa qadirdir. Ancaq heç də belə olmadı və insanların gözləntiləri suya düşdü. Tərəfdaşlar arasında əlaqələr - əgər tərəfdaş adlandıra bilərəmsə, gərginləşməyə başladı. Bundan başqa Vaqner qruplaşmasının bölgədə peydə olması fransızlar üçün qəbuledilməz idi. Onlar bölgədə bu muzdlularla birlikdə mövcudluğa hazır deyildilər”.
Qeyd etmək lazımdır ki, Fransanın itirdiyi növbəti ərazi Mərkəzi Afrika Respublikasıdır. Afrika ölkəsinin fransalı diplomatlara verdiyi imtiyazı ləğv etməsi fonunda başlayan gərginlik iki ölkə arasında hərbi müqavilələrə xitam verilməsi ilə nəticələnib. Bundan sonra Fransa buradakı ordu bölmələrini geri çəkməli olub. Təxminən 4 ay öncə isə Burkina-Fasoda çevrilişlə hakimiyyətə gələn hərbi hökumət də Fransa ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv etdiyini və əsgərlərə ölkəni tərk etmələri üçün 1 ay vaxt verdiyini açıqlayıb.
Martda Konqoya səfəri zamanı Fransa prezidenti Emmanuel Makron həmkarının tənqidlərinə tuş gəlib. O, Fransa və Avropanın Afrika ölkələrinə yanaşma tərzini dəyişdirməli olduğu deyib. Dövlət başçısı haqlı olaraq ölkəsinə qarşı hörmət və əsl tərəfdaş münasibəti tələb edib.
Digər tərəfdən Rusiyanın təklif etdiyi təhlükəsizlik xidməti, Çinin iqtisadi yardım və investisiyalarından yararlanan qitə ölkələri artıq Fransaya ehtiyac duymur. Bir sözlə Rəsmi Paris nüfuzunu bu ölkələrin xeyrinə itirir. Hətta ölkə, ərzaq və təhlükəsizlik sahəsində əməkdaşlıqla bölgədəki nüfuzunu bərpa etmək istəsə də cəhdləri hələlik bir işə yaramır.
Sayad