Avropa İttifaqından torpaqla bağlı YENİ TƏKLİF

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:25 05.07.2023

Avropa İttifaqı (Aİ) Komissiyası torpağın qorunması, onun davamlı istifadəsi və məhsuldarlığının artırılması üçün öz təklifini açıqlayıb.

 

İnformator.az Reuters-ə istinadən xəbər verir ki, təklifə görə 2050-ci ilə qədər Aİ ölkələrində bütün torpaqların sağlam vəziyyətə salınması hədəflənir. Bu çərçivədə torpağın sağlamlığı birlikdə müəyyən ediləcək. Torpağın sağlamlığına hərtərəfli və ardıcıl çərçivə ilə nəzarət ediləcək. Torpağın davamlı idarə edilməsi və çirklənmiş ərazilərin rekultivasiyası qaydaları müəyyən ediləcək.

 

Aİ ölkələri bütün torpaqların sağlamlığına nəzarət edəcək və qiymətləndirmə hazırlayacaq. Torpağın sağlamlığını yaxşılaşdırmaq üçün toplanmış məlumatlar məhsulun şaxələndirilməsi, doğru əkinçilik, məhsul inkişafı, rəqəmsal torpaq idarəçiliyi kimi tətbiqlərdə istifadə olunacaq. Davamlı torpaq idarəçiliyi proqramı bütün Aİ-də normaya çevriləcək.

 

Sözgeən təklifə görə üzv dövlətlər torpağın idarə edilməsində müsbət və mənfi təcrübələri müəyyən etməli və öz təcrübələrini bir-biri ilə bölüşməlidirlər. Aİ ölkələri çirklənmiş əraziləri müəyyən etməli və şəffaf şəkildə xəritələndirməlidir. Çirklənmiş ərazilərin rekultivasiyasında “çirkləndirən ödəyir” prinsipi tətbiq olunacaq. Çirklənməyə görə məsuliyyət daşıyanlar bu ərazilərin təmizlənməsi xərclərini ödəyəcəklər.

 

Aİ məlumatlarına görə, hazırda torpaqların 60 faizindən çoxu sağlam deyil. Bundan əlavə, Aİ ölkələrində keçmiş fəaliyyətlərə görə çirklənmə potensialı olan 2,8 milyon ərazinin olduğu təxmin edilir. Təklifin qüvvəyə minməsi üçün Avropa Parlamenti (AP) və üzv dövlətlərin təsdiqi tələb olunur.