Bred Pitt həftə sonu İngiltərədə Formula 1-də "yarışacaq"
Bölmə: Mədəniyyət › , İdman › ,Tarix: 08:38 07.07.2023
Yeni filmində Formula 1 sürücüsü obrazını canlandıracaq Hollivud ulduzu Bred Pitt həftə sonu İngiltərənin Silverstounda keçiriləcək F1 Qran Prisində trasda olacaq.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, Pitt cümə günü məşq dövrələri arasında xüsusi köklənmiş Formula 2 bolidini idarə edəcək. Britaniya çempionu pilot Lewis Hamilton Hollivud ulduzuna "Apex" filminin çəkilişində köməklik göstərəcək.
Oskar laureatı Bred Pitt trasdan 30 il uzaqlaşdıqdan sonra yarışa qayıdan veteran yarışçı rolunu canlandıracaq. Pittin yaşı onun bu rolun öhdəsindən gələ biləcəyi ilə bağlı suallar yaratsa da, Hamilton “Bred Pitt, deyəsən, illər keçdikcə cavanlaşır. Yaşına görə əla görünür”, - deyə bildirib.
“Bred Pittin Formula 1-ə qatılmasından necə həyəcanlandığımı sizə deyə bilmərəm. Bu, inanılmaz bir şeydir”, - deyə sözlərində qeyd edib.
Bred Pitt Silverstounda Hamiltonun komandası Mercedes tərəfindən hazırlanmış xüsusi avtomobili idarə edərkən kameralar tərəfindən çəkiləcək. Xüsusi effektlərlə yanaşı, məşhur ulduzun bu mövsüm bir yarışda çıxış edəcəyi proqnozlaşdırılır.
Apex filmi üçün xüsusi "Pitt stop" hazırlanıb. Bu günə qədər motor idmanı filmləri reallığa uyğun olmadığı üçün tənqid məruz qalır. Hamilton filmin real yarış dinamikasını kameraya mümkün qədər çatdırmağa kömək edəcəyini bildirib.
Hamilton həmçinin ABŞ-ın Kaliforniya ştatında yarış yolunda Bred Pitlə vaxt keçirdiyini və məşhur ulduza yarış avtomobili sürməyi öyrətdiyini də söyləyib. Opex filminin çəkilişlərinin 2023 Formula 1 mövsümü boyu davam etməsi planlaşdırılır.
Fatimə Mustafayeva