Paytaxt üzrə 1800 oxucu səyyar xidmətdən istifadə edib
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202307/3604708_.jpeg)
Tarix: 12:41 14.07.2023
Məlum həqiqətdir ki, bu gün kitabxanalara gələn, kitab oxuyanların sayı çox azdır. Əsasən sosial şəbəkələrə üz tutan, informasiyanı internet resurslarından alan oxucular daha çoxdur. Amma xatırlatmaq lazımdır ki, kitabxanaların iş metodlarından biri də səyyar xidmət göstərməkdir. Amma son 6 ay ərzində Səbail rayonu üzrə virtual metoddan cəmi 61, yerində xidmətdən isə 208 oxucu yararlanıb.
Səbail rayonu üzrə MKS-nin əməkdaşı Şəbnəm Babaşova deyir ki, kitabxanalara pandemiya dövründə üz tutan yox idi: “Elə həmin dövrdə virtual xidmətdən yararlananların sayı qismən artdı. Hazırda da ən çox oxucu sayı elə onlayn qaydada kitab əldə edənlərdir. Oxucular səyyar xidmətdən yararlanmaq üçün yaxın ərazidəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin email ünvanına və ya əlaqə nömrələri vasitəsi ilə öz sifarişlərini qeyd edirlər. Yaxın ərazilər olmayanda virtual xidmətə əsasən üstünlük veririk. Virtual xidmət də Səbail abonement.az saytı vasitəsilə həyata keçirilir. Biz müxtəlif kitabxanalardan, Azərbaycanın milli kitabxanasından Firudin bəy Köçərli adına, Respublika kitabxanası, Prezident kitabxanası saytlarından, fondlarından həmin kitabların pdf formatını oxucuya təklif edirik və linklər vasitəsilə həmin oxucunun email ünvanına göndəririk”.
Amma virtual metoddan istifadə edə bilməyənlərin də sayı az deyil. Bunun üçün də mütaliə edənlərin sayı çox olsun deyə, kitabxana əməkdaşlarının bütün üzvləri təmannasız olaraq yerində də səyyar xidmət göstərirlər.
Şəbnəm Babaşova deyir ki, kitabxanaya gələ bilməyənlər, gəlməkdə məhdudiyyəti olanlar, çətinliyi olanlar, işdən çıxa bilməyən insanlar var. Onlar bizə müraciət edirlər. Biz onlara yaxın ərazilərdə olan müəssisələrə səyyar xidmət göstəririk. Əməkşdaşlarımız lazım olanda məktəblərə, uşaq baxçalarına gedirlər. Uşaqlar üçün nağıl kitabları aparırlar. Dərs vaxtı uşaqlar gələ bilmədiyi üçün məktəblərə də belə səyyar xidmət göstəririk. 2011-ci ildən Əlil qadın cəmiyyəti ictimai birliyi ilə əlaqə saxlayırıq. Kitabxananın müvafiq qaydalarına uyğun olaraq oxucu kitabçası açırıq. Kitablar verilir, əgər oxuyub qurtarmayıbsa, vaxtı uzadılır”.
Qeyd edək ki, paytaxtın Xətai, Nizami, Nərimanov, Surxanı, Sabunçu, Xəzər, Yasamal, Binəqədi, Səbail, Qaradağ rayonlarında Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Mirzə Ələkbər Sabir adına müstəqil kitabxana klubunda səyyar xidmət fəaliyyət göstərir.