Əjdər Babazadə: Ölkədə eksperimental arxeologiya demək olar ki mövcud deyil
Bölmə: Mədəniyyət › ,Tarix: 13:03 14.07.2023
İnformator.az-ın növbəti müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnografiya və Antroplogiya İnstitutunun Arxeoloji Eksperimental Laboratoriyasının müdiri Əjdər Babazadədir.
Arxeologiya elmi barədə qısaca məlumat verərdiniz oxucularımıza.
Arxeologiya elmi təxminən 150-200 ildir ki, elmi disiplin kimi fəaliyyət göstərir. Təxminən yüz ilə yaxın arxeoloji qazıntılar zamanı matriarx mədəniyyəti üzərində araşdırmalar aparılıb. Əslində arxeologiya yalnızca qazıntılardan ibarət deyil. Bu, ilkin mərhələdir, arxeologiyanın əsas sahəsi deyil. Bu gün isə daha çox laboratoriya şəraitində araşdırmalar aparılır, nəinki ərazilərdə. Çöl tədqiqatları bu işin birinci mərhələsidir. Çöl tədqiqatlarından sonra gələn laboratoriya mərhələsində eksperimental tədqiqatlar, trasololoji analizlər, arxometrik analizlər, rəqəmsal arxeologiya və s. həyata keçirilir.
Ekserimental-trasololoji təqdiqatlar arxeoloji qazıntılar zamanı əldə olunan materialların həm eksperimental olaraq hazırlanma, düzəltmə, istifadə, işlətmə texnologiyasını öyrənir. Ölkəmizdə arxeoloji qazıntılar dedikdə, nisbi xronologiya, tarixləndirmələr, xronoloji dövrləşmə, tipoloji təsnifatlardan ibarət olduğu anlaşılır. Amma 1950-ci illərdən sonra arxeoloji təqdiqatların metodları dəyişməyə başladı. Çünki artıq nə, kim və necə suallarına cavab axtarılmağa başlandı. Biz artıq əldə etdiyimiz materialların necə hazırlandığını və işləndiyini öyrənmək istəyirik. Bunun üçün də laboratoriya şəraitində bu tədqiqatlar aparılır. Azərbaycanda isə arxeoloji qazıntılar geniş vüsət alıb. Təəssüflər olsun ki, Azərbaycanda eksperimental arxeologiya və arxometriya demək olar ki, mövcud deyil.
Arexologiya elmini ölkəmizdə inkişaf etdirmək üçün hansı tədbirlər görülə bilər?
Arxeologiya qərb öyrənmə metodudur. Bunun əsas qaynağı qərbdədir. Yəni, Avropa, Amerika, Koreya, Çin bu kimi inkişaf etmiş ölkələrdən bizlərə gəlmədir. Tələb olunan əsas şərtlərdən biri də budur ki, biz bunun üçün xaricə gedib mütəxəssislərdən öyrənməliyik və yaxud xaricdən mütəxəssislər gətirməliyik. Bu elmin ölkəmizdə inkişaf etməsi üçün əlimizdən gələni etməliyik.
Siz bu işi necə başladınız?
Mən 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Arxeologiya və Antropologiya İnstitutunda işə başladım. Uzun araşdırmalardan sonra müəyyənləşdirdik ki, arxeologiyanın hansı sahələri boş qalıb. Onlardan biri də arxeoloji materialların əsas referansı olan daş alətlərinin işlənməməsidir. Bu boşluğu gördükdən sonra Azərbaycan arxeologiya elminə töhfə verməyə qərar aldım.
Arxeologiyada araşdırmalar necə aparılır? Mərhələlər nələrdir?
Əvvəlcə hər bir arxeoloqun özünəməxsus spesifik araşdırma dövrləri olur. Hər kəs hansı ərazilərin öz spesifik dövrlərinə uyğun olduğunu müəyyən edir. Bunun üçün müxtəlif metodlar mövcuddur. İlk olaraq çöl gəzintisidir ki, bu zaman çöl materialları adlanan kurqanlar, təpələrin üzərindəki materialları toplayırıq. Onların hansı dövrlərə məxsus olduqları müəyyən edilir. Çünki hər bir dövrün özünəməxsus xüsusiyyətləri var. Və yaxud da həmin abidəyə yaxın yerləşən kəndlərin əhalilərindən məlumat gəlir. Məsələn, əkin sahələrində fəaliyyət zamanı əldə etdikləri materiallar üçün bölgədəki mədəniyyət nümayəndələrinə və yaxud Arxeologiya İnstitutuna müraciət edirlər. Bu müraciətlər əsasında abidənin yeri müəyyən edilir və layihəyə yazılaraq araşdırmalara başlanılır.
Hazırda hansı arxeoloji araşdırma üzərində işləyirsiniz?
Hazırda biz Lələtəpədə Neolit dövrünə aid araşdırmalar aparırıq. Mən onların daş alətlərinin texno-topologiyası üzərində çalışıram.
Sizcə, Qarabağ bölgəsi arxeoloji araşdırmalar baxımından əlverişlidirmi?
Azərbaycan ərazisində Kiçik Qafqaz ən qədim insan məskəni olması, insanların məskunlaşması üçün əsas şərtlərdən olan flora-fauna ilə zəngindir. Eyni zamanda Qarabağ xammal ehtiyatları ilə zəngindir. Bu xüsusiyyəti sayəsində burada məskunlaşmaq istəyən insanları daim cəlb edib. Keçən əsrin ortalarından etibarən Qarabağda intensiv şəkildə ciddi araşdırmalar aparılır. Burada bir neçə mədəniyyət abidələri araşdırılaraq, təsdiq edilib. Qarabağ arxeoloji materiallarla zəngin coğrafiyadır. Növbəti illər üçün daha dərin araşdırmalar da həyata keçiriləcək.
Fatimə Mustafayeva