Yenə də tələbə onun öncəliyidir

Bölmə: Mədəniyyət › ,
Tarix: 15:41 18.07.2023

Həm çalışdığı kollektivə, həm də tələbələrinə hər situasiyada pozitiv enerji ötürən Xatirə Hüseynova...

 

Mən onu 2005-ci il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olan zaman tanıdım. Amma jurnal bölgüsünə görə 4 il ərzində heç vaxt eyni qrupda görüşə bilməmişdik. Dördüncü kursda buraxılış işim onun çalışdığı “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasından oldu. Orda yaxından tanıdım Xatirə Hüseynovanı. Başı qarışıq olsa da, kiminlə söhbət edir-etsin, dayanıb tələbəni dinləyərdi.

 

Tale elə gətirdi ki, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində illər sonra iş yoldaşı kimi görüşdük yenidən. Orda da eyni münasibət davam edirdi. Qarşısında kim olur-olsun, sözünü dayandırıb ona müraciət edən tələbəni dinləyirdi. Uzun illər yollarımız ayrıldı. Bir ildir ki, yenidən ilk görüşdüyümüz yerdəyik – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində.

 

İllər ərzində gələn müxtəlif statuslar, uğurlar, vəzifələr xarakterindən heç nə almayıb, onu dəyişməyib. Yenə də tələbə onun üçün öncəlikdir, yenə də yaxşılıq, insanlara mümkün qədər faydalı olmaq onun əsas qayəsidi.

 

Xatirə Hüseynova 1977-ci ilin məhz bu günü – 18 iyul tarixində Bakı şəhərində doğulub. Məmləkətdə onlarla jurnalistin yetişməsində xüsusi rolu olub. Peşəkar jurnalistika fəaliyyətinin zənginliyi bu gün özünü iş fəaliyyətində hərtərəfli göstərir. O, “Aydınlıq”, “Günay”, “De-fakto”, “Paritet” kimi qəzetlərində müxbir, “Sara TV “ və “AZTV” kanallarında aparıcı, “Lider TV”-də redaktor vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası və jurnalistika fakültəsində dekan müavini, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında İnformasiya təminatı sektorunun müdiri,  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Ümumi şöbənin rəisi,  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasında prorektor vəzifələrində çalışıb. Hazırda BDU-nun Jurnalistika faklütəsində “Yeni media və kommunikasiya nəzəriyyəsi” kafedrasının müdiridir.

 

İnformator.az redaksiyası olaraq Xatirə Hüseynovanı doğum günü münasibətilə təbrik edir, uğurlar arzu edirik.

 

Xumar Bayramqızı