Qlobal dövlət borcu rekord HƏDDƏDİR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:25 21.07.2023

Qlobal dövlət borcu 2022-ci ildə rekord həddə çataraq 92 trilyon dollar olub.

 

Hesabata görə, son 10 ildə dövlət borcları artdığı halda, son illərdə ardıcıl böhranlar bu tendensiyanın sürətini artırıb. 52 ölkənin ciddi borc probleminin olduğu bildirilir. Ölkələrin qlobal dövlət borcu 2000-ci illə müqayisədə 5 dəfədən çox artıb. Nəticədə, 52 dövlətin bu yöndə problemi var.

 

 

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, yüksək səviyyədə borcu olanların sayı 59-a yüksəlib, bu rəqəm 2011-ci ildə 22 idi. Hesabatda deyilir ki, borcun, təxminən, 30 faizi inkişaf etməkdə olan ölkələrin payına düşürsə, rəqəmlərin 70 faizi Çin, Hindistan və Braziliyaya məxsusdur. Artan borclanma xərcləri, valyuta devalvasiyaları və ləng iqtisadi artım səbəbindən bu borclar inkişaf etməkdə olan ölkələr üçün maliyyə yüküdür. Ölkələr iqtisadi cəhətdən ayaqda qalmaq üçün borc almağa məcbur olduqda bu onlar üçün tələyə çevrilir. Dövlətin xarici borclar üzrə ödədiyi faiz ödənişləri 3,3 milyard insanın təhsil və səhiyyə xərclərini üstələyir.

 

 

BMT-nin Baş katibi Antonio Qutereş açıqlmasında bildirib ki, qlobal dövlət borcu 2022-ci ildə rekord səviyyəyə - 92 trilyon dollara çatdı: “İnkişaf etməkdə olan ölkələr qeyri-mütənasib bir məbləği çiyinlərinə aldı. Borcların böyük hissəsinin yoxsul ölkələrdə cəmləşməsi səbəbnindən bu məsələ qlobal maliyyə sistemi üçün riski hesab olunmur. Bazarlar hələ əziyyət çəkmir. Amma insanlar əziyyət çəkirlər. Dünyanın ən kasıb ölkələri borclarını ödəmək və xalqa xidmət arasında seçim etmək məcburiyyətində qalır”.

 

 

İnkişaf etmiş ölkələr arasında borc nisbətinə gəlincə, birinci yeri, təxminən, 31 trilyon dollarla ABŞ dayanır. İkinci yerdə super gücü 11,1 trilyon dollarla Yaponiya, daha sonra isə 3,2 trilyon dollarla Böyük Britaniya və 3,1 trilyon dollarla Fransa izləyir. Çin isə, təxminən, 14 trilyon dollarla inkişaf etməkdə olan ölkələr arasında ən yüksək borcu olan ölkədir. Qlobal Borcun artmasına əsasən, COVID-19 pandemiyası, yaşayış xərcləri, iqlim dəyişikliyi ilə bağlı maliyyələşdirilmə ehtiyaclarının artması, məhdud alternativ maliyyə mənbələri ilə bağlıdır.

 

İqtisadçı Fuad Bayramovun sözlərinə görə, xarici borclanmaya getmək müxtəlif inkişaf etmiş ölkələrin siyasətində müxtəlif bir status daşıyır: “Elə ölkələr var ki, xarici borclanmaya getməklə iqtisadiyyatının inkişafına şaxələnməsinə, stimullaşdırıılmasına xidmət edir. Əlbəttə, elə ölkələr də var ki, məhz sözün əsl mənasında borclanmaya getməklə defisiti aradan qaldırır, büdcə xərclərinin təmin olunmasını və yaxud əhalinin sosial rifahının qorunması istiqamətində addımını atır və bununla da öz həyatını davam edir”.

 

Ekspertlərin rəyinə görə, həddindən artıq dövlət borcunun böhrana səbəb ola biləcəyi təhlükəsi olsa da, valyutalarına nəzarəti əlində saxlayan ölkələr də var. Dünyada maliyyə inteqrasiyası həm borc alanlara, həm də kreditorlara eyni dərəcədə fayda gətirir. həm borc alanlar, həm də kreditorlar bazar, faiz, valyuta və siyasi risklər daxil olmaqla, eyni dərəcədə riskə məruz qalırlar. 

 

Aysel