TÜRKİYƏDƏ İNFLYASİYA YÜKSƏLİR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:47 11.08.2023

Türkiyədə inflyasiya yenidən yüksəliş trayektoriyasına daxil olub. Ölkənin iqtisadiyyatında inflyasiya səviyyəsinin artıb-azalacağı gündəmi məşğul edən əsas məsələlərdəndir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə inflyasiyanı birrəqəmli səviyyəyə endirəcəyində qərarladır. Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Türkiyə Prezidenti bildirib ki, daha öncə də inflyasiyanı 6 faizədək endirməyi bacarıblar. Ölkə başçısı son 21 ilin inflyasiya ortalamasının 15 faizin altında olduğunu bəyan edib. Bank analitikləri isə türk lirəsi ilə bağlı bədbin proqnozlar verməyə davam edir. Proqnozlara görə, 2024-cü ilin sonu üçün türk lirəsinin dollar qarşısındakı dəyəri 35 lirə olaraq formalaşacaq. Türkiyə Mərkəzi Bankının son uçot faiz dərəcəsi 17.5-də qərarlaşsa da inflyasiya faziləri hələ də yüksəlməyə davam edir. Lakin iqtisadçı Xalid Kərimli hesab edir ki, mövcud Türkiyə höküməti inflyasiyanı təkrəqəmli səviyyəyə endirə bilər. Onun fikrincə, aparılan islahatlar və hazırkı geoiqtisadi vəziyyət bunun üçün əlverişli mühit formalaşdırır. “Yeni hökümət və yeni hökümətə təyin edilmiş ciddi nüfuzlu şəxslərin təyin edilməsi və son iki ayda apardıqları siyasət onu deməyə imkan verir ki, Türkiyə yenidən ənənəvi mübarizə və maliyyə siyasəti üsullarına geri qayıdır. Düzdür, bunu kəskin sürətdə etmir, tədricən edir. Müşahidə edirik ki, onlar yaranmış problemləri bir iclasda və ya bir neçə ayda həll edə bilməyəcəyini qəbul edirlər. Uzun müddətli və iqtisadiyyata ziyan vurmamamaq şərti ilə antiinflyasiya tədbirləri həyata keçirəcəklər”.

Mütəxəssislər Türkiyə iqtisadiyyatında yaşanan sıxıntıların struktur problemlərindən qaynaqlandığını söyləyirlər. Türkiyəli iqtisadçı İlhan Ege iddia edir ki, keçmişdən gələn struktur problemləri öz həllini tapsa, inflyasiya təkrəqəmli səviyyəyə düşəcək. Mütəxəssislərin fikrincə, Türkiyədəki mövcud iqtisadi problemlər uzunmüddətli çalışmaların sonunda öz nəticəsini verə bilər. İqtisadçılar rəsmi Ankaranın yürütdüyü siyasətin inflyasiya faizini tədricən azaldacağına ümid edirlər. Türkiyə Prezidentinin yardımçısı Cevdet Yılmaz da əsas perspektivləri üçün hədəfin 2026-cı il olduğunu vurğulayıb. Bu da Türkiyənin iqtisadi səhnəsindəki isalahatların uzun müddət davam edəcəyindən xəbər verir.

FİDAN