EV ALQI-SATQISINDA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 19:55 15.08.2023

   Ev almaq, kirayə vermək hazırda çoxlarının maraq dairəsidir. Bu məsələləri reallaşdırıb-reallaşdırmamaqdan asılı olmayaraq, insanlar bu mövzu haqqında müxtəlif tərəddüdlərə sahibdirlər.

   Kirayə alma, yaxud vermə prosesi zamanı nələrə diqqət etmək lazımdır? Bu proses necə həyata keçirilməlidir. Bu və ya digər sualları İnformator.az-ın növbəti qonağı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə cavablandırıb.

 

 1. Bölgələrdə kirayə verən şəxsi necə araşdırmaq olar?

   Evini kirayə verən hər şəxs vergi ödəyicisidir. Hər şəxs qazandığı məbləğdən, yəni kirayə haqqından 14% vergi ödəyir.  Vergi Xidmətinə müraciət etməklə evini kirayə verən şəxslər haqqında məlumat əldə etmək mümkündür.

 

 2. Hansı şəxslərdən ev alınmamalı, kirayələnməməlidir?

   Bəzən hər iki tərəf, həm kirayə verən, həm də kirayə götürən kirayə müqaviləsini bağlamaqdan yayınır. Bu hal vergi verməmək üçün evini kirayə verənin işinə yarayır. Kirayə götürən üçün isə müqaviləni bağlamamaq ona görə sərfəli olur ki, üzərinə hər hansı bir öhdəlik götürmür. Əgər kirayə müqaviləsi imzalanarsa, kirayə verəndən başqa, kirayə götürən də öhdəliklər daşıyır. Xüsusilə də, bölgələrdə bəzən vətəndaşlar ev kirayələyən zaman şifahi razılaşmalara üstünlük verirlər. Amma Bakı şəhərində və uzunmüddətli kirayə verənlərin bir çoxu kirayə müqaviləsi bağlayır. Müqavilənin imzalanması hər iki tərəf üçün xeyirlidir. Risklərini sığortalamış olurlar. Bəzən sahə müvəkilləri olan polis əməkdaşları müxtəlif vaxtlarda mənzillərə baxış keçirməklə reydlər edirlər. Kirayə müqaviləsinin olub-olmamasını yoxlayırlar. Təbii ki, müqavilə olmadıqda cərimələnə bilərlər. Bölgələrdə isə, xüsusilə də gündəlik kirayə verilən evlərlə bağlı demək olar ki, müqavilələr imzalanmır.

 

 3. Güvənlik üçün hansı tədbirlər görülməlidir? Hansı sənədlərə diqqət edilməlidir?

   Əsas olaraq hər iki tərəf öz rekviziti ilə çıxış etməli və kirayə müqaviləsi bağlanmalıdır. Kirayə müqaviləsi zamanı kirayə verən tərəf də əmin olur ki, kirayə götürülən müddət ərzində onun vəsaiti ödəniləcək. Yəni qarşı tərəfin öhdəliyi olur ki, kirayə haqqını vaxtında ödəməlidir. Müqavilə imzalanmadıqda isə, vətəndaşlar arasında məhkəmələrə qədər gedən mübahisələr yaranır. Məsələn, kirayə verən iddia edir ki, onun əmlakına hansısa zərər vurulub, yaxud onun vəsaiti ödənilməyib. Kirayə götürən isə, ona deyilən şəraitdə evin ona verilmədiyini iddia edir. Bu kimi məsələlərin qarşısını almaq üçün ən yaxşı yol kirayə müqaviləsinin bağlanmasıdır.

 

 4. Məbləğ müəyyənləşdirilən zaman nələrə xüsusi fikir vermək lazımdır?

   Məbləği bazar müəyyənləşdirir, amma tərəflər razılaşır. Xüsusilə bölgələrdə kirayə verilən evin qiyməti paytaxtın kirayə bazarından ucuzdur. Gündəlik kirayə qiymətləri isə demək olar ki, eynidir. Yeganə fərq budur ki, regionlarda daha çox fərdi yaşayış evləri, paytaxtda isə mənzillər sutkalıq kirayə verilir. Məbləğ müəyyənləşdirirlən zaman tərəflər arasındakı danışıqlar əsas rol oynayır. Həmçinin, evin şəraitindən asılı olaraq qiymətlər dəyişə bilər. Bəzən vətəndaşlar aldanır və şəraiti yaxşı olmayan bir evi baha qiymətə kirayələmiş olurlar. Bayram, yay tətili, həftə sonları zamanı belə hallar olur, çünki qıtlıq olur. Bu qıtlıqdan istifadə edən bəzi işbazlar da qiymətləri artırırlar.

 

 5. Kirayə verən şəxs evi hansı müddətdə təhvil verməlidir?

   Tərəflər arasında kirayə müqaviləsi bağlanıbsa, həmin sənəddə qeyd edilən müddətdə ev kirayəşinə təhvil verilir. Müqavilə müddətinin sonunda da yeni razılaşma yoxdursa, icarə müddətinin başa çatdığı gün ev sahibinə geri qaytarılır. Sutkalıq kirayə verlən evlərdə isə bir qayda olaraq bu müddət günün birinci yarısına qədər, saat 12.00-dan 14.00-a qədər olan müddətdə nəzərdə tutulur. Anacaq yenə də tərəflərin razılaşmasına bağlı olur.

 

 6. Təhvil vermə prosesi necə getməlidir?

   Evin və ya mənzilin təhvil-təslimi tərəflər arasında qarşılıqlı olaraq razılaşma aktı ilə imzalansa, daha yaxşı olar. Ancaq bir çox hallarda buna riayət edilmir. Tərəflər öz aralarında şifahi razılaşma yolu ilə bu məsələni həll edirlər.

 

 7. Ödəmə necə reallaşdırılmalıdır?

   Bir qayda olaraq çox zaman kirayə evlərin ödənişi nağd qaydada həyata keçirilir. Bəzən isə, ev sahibinin bank kartına vəsaiti köçürməklə baş verir. Lakin, bank vasitəsi ilə də ödənişin icrası mümkündür. Notariat vasitəsi ilə imzalanan kirayə müqavilələri üzrə ödəmələr bir çox hallarda bank vasitəsilə ev sahibinin hesabına köçürülür. Çünki, bəzən elə şəxslər olur ki, onların əməkhaqqından və ya kirayə üçün nəzərdə tutulan vəsaitlərindən pul tutulub ev sahibinin hesabına ödəyir. Belə hal çox zaman hərbçilərin kirayələdiyi mənzillərlə bağlı olur. Sutkalıq ödəmələr zamanı isə əksək hallarda ödəmə ya bank kartına mədaxil etməklə, ya da nağd ödənilməklə icra edilir.

 

 8. Əgər, əmək məsələləri ilə suallarımız yaranarsa, ən yaxşı mənbə kimi nələri qeyd edə bilərsiniz?

   Rieltorlar və alqı-satqı saytlarından məsələn, tap.az, bina.az, yeniemlak.az və s. kimi mənbələrdən istifadə edilə bilər.

 Aydan Qasımova