"İŞ SAATI ƏMƏK HAQQI HESABINA AZALMAMALIDIR"- NAQİF HƏMZƏYEVDƏN TƏKLİF

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:42 16.08.2023

   “5-ci günlər, günün 2-ci hissəsində iş saatının azaldılması barəsində addımlar atmaq mümkündür” - Milli Məclisin üzvü Naqif Həmzəyev bu təkliflə çıxış edib. Millət vəkili İnformator.az saytına açıqlamasında bildirib ki, tək bizdə yox, bütün dünyada iş saatlarının azaldılması barədə müəyyən təcrübə formalaşır, bir sıra addımlar atılır. İş saatları barəsində, atılan bu addımlar, söylənən təkliflər, tamamilə maliyyə problemindən irəli gəlir. “5 günlük iş rejimini 4 gün müddətində yerinə yetirmək üçün, ilk növbədə zərurət yaranmalıdır. Bundan əlavə, hər şeydən öncə, bizlər, işçilərin məhsuldar, verimli olmasına daha çox diqqət yetirməliyik” deyən Naqif Həmzəyevin sözlərinə görə, əgər işçinin əmək haqqının azaldılması hesabına, onun iş rejimi müddəti azalırsa, bu məsələnin üstünə düşməyə, elə də ehtiyac yoxdur. İlk olaraq, Beynəlxalq təcrübəni öyrənməli, iş saatlarının azalmasının, işçilərin həyatına müsbət təsirinin şahidi olduqda, bu məsələ ilə bağlı müəyyən tədbirlərə əl atılmalıdır. “Biz əsas addımı, işçilərimizin əmək haqqlarının daha yüksək miqdarda olması hesabına atmalıyıq. Düşünürəm ki, Azərbaycanda, əmək bazarında rəqabətin artması üçün bir sıra tədbir görülməsi zəruridir. Savadlı, bilikli, müasir ixtisaslara yiyələnmiş kadrların hazırlanmasına diqqət yetirməliyik. Bu məsələlər, qaydasına salınmadığı müddətcə, iş rejiminin azalmasına ehtiyac duymuram”.

 

HƏCƏR ƏMİRASLANLI