5 YAŞINDA MAHNI BƏSTƏLƏYƏN SƏNƏTKAR - AZƏRBAYCANIN FİQAROSU
Bölmə: Mədəniyyət › ,Tarix: 20:42 17.08.2023
"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bu gün – 17 avqustda doğulan görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayev haqqındadır. Böyük hörmət və sevgi qazanan, dünyanın bir çox ölkəsində nadir səsi və istedadı ilə tanınan populyar müğənni bugün dərin məhəbbətlə yad edilir. Əsərlərindən, haqqında yazmaqla bitməyən bu şəxsiyyətin həyatından qısa araşdırmanı təqdim edirik.
Üç yaşında ilk dəfə babasının royalı arxasına oturan, nadir səsə malik görkəmli opera və estrada müğənnisinin özü kiçik, royalı özündən böyük idi. Bu gedişlə ilk bəstəsini 5 yaşında yazan istedadlı Müslüm, elə musiqiçi babasının adını daşıyırdı. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. İlk rəsmi uğurunu 1962-ci ildə qazanan və 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini vərən, istedadlı müğənni, 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı bir neçə ölkədə də konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanan müğənni, keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirən bəstəkar, bir sıra orden və medallarla təltif edilib. Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adi olub.
İtaliyada təhsil almaq arzusa da çatan müğənni, Bakıya əsl Fiqaro kimi qayıdıb. Müxtəlif mükafatlar qazanan xalq arstisi, Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub. Ölməz əsərləri isə onu əbədi yaşadır.
MƏRYƏM MƏMMƏDOVA