"Banklarda manatın həcminin azalması arzuolunan deyil"- Vüqar Bayramlıdan Mərkəzi Banka TƏKLİF
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:23 23.08.2023
Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.
İqtisadçı Vüqar Bayramov deyir ki, sistemli əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir. Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür. Vüqar Bayramlının sözlərinə görə, “Günay Bank”ın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərib. “Bütövlükdə, aylıq azalmaya baxmayaraq əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb. Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir”.
Vüqar Bayramov qeyd edir ki, banklarda manatların həcminin azalması heç də arzuolunan deyil: "Çünki bu vətəndaşlarımızdakı passiv vəsaitin real sektora yönləndirməsi baxımından vacibdir. Ona görə Mərkəzi Bank çalışmalıdır ki, növbəti dövrlərdə banklarda olan əmanətlərin artan tempin dinamikasını davam etdirsin. Daha çox vəsaitin banklara cəlb olunması real sektor üçün inkişaf imkanları deməkdir. Bu baxımdan da sistemli fəaliyyətlərin genişləndirilməsinə ehtiyac duyulur".
Fatimə Mustafayeva