BRİKS sammitinin nəticələri - ANALİZ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:43 24.08.2023

BRİKS ölkələrinin Yohannesburqda keçirilən assosiasiya sammitində milli valyutalarla ticarət məsələsi müzakirə olunub. Braziliya Prezidenti öz çıxışında ticarətdə dollardan imtinaya çağırıb. İqtisadi blok daxilində bu ideyanı dəstəkləyənlərin sayı da az deyil. Çin yuanının önə çıxdığı və ticarətdə ABŞ valyutasından imtinaların genişləndiyi bir vaxtda BRİKS sammitində dünya iqtisadiyyatının yeni tarixi yazılacaqmı?

 

BRİKS ölkələri bir-biri ilə ticarət apararkən ABŞ dollarından imtina etməli və bu, Vaşinqtona meydan oxumaq cəhdi kimi qəbul edilməməlidir. Bu barədə Cənubi Afrikada keçirilən BRİKS iqtisadi blokunun sammitində Braziliya Prezidenti Lula da Silva açıqlama verib. Bildirib ki, əgər ölkəsi Çinlə ticarət edirsə, onda niyə bunun üçün dollardan istifadə etməlidir, bunun əvəzində öz valyutalarından və ya başqa baza valyutasından istifadə edə bilərlər. Əslində bu, Silvanın ilk belə açıqlaması deyil. Dövlət başçısı demək olar ki, hər çıxışında dollara alternativ məsələsinə toxunur. BRİKS sammiti də bunun üçün əvəzsiz məkandır. Çünki bloka daxil olan Çin də bu fikri dəstəkləyir. Hətta artıq Çin və Braziliya birbaşa milli valyutalarla hesablaşmalar aparmaq haqqında razılıq əldə ediblər. Eyni zamanda blokun digər aparıcı gücü olan Rusiya da yeni qlobal valyuta çağırışları edir. Üstəlik, təkcə məkan yox, zaman da bu təklif üçün münbitdir. Belə ki, Argentina, İran və Əlcəzair BRİKS-ə qoşulmaq üçün müraciət edib. Misir, Türkiyə və Səudiyyə Ərəbistanı da buna can atır, hətta Yaxın Şərq ölkələri sözügedən bloka qoşulmaqda maraqlıdır. Bu dövlətləri birləşdirən digər məqam isə rəsmi Vəşinqtonun  dollardan təzyiq vasitəsi kimi istifadə etməsidir. Dünyanın əksər ölkələri ABŞ-ın hansı siyasət yürütdüyünü görür və öz aktivlərinin dondurula biləcəyindən ehtiyat edərək dollardan xilas olmaq istəyir. Yəni əslində, məsələnin mahiyyəti ilk növbədə siyasidir. Ukraynada gedən müharibə fonunda dünya siyasətinin yenidən formalaşdığını nəzərə alsaq, Rusiya və Çinin Ağ Evə meydan oxuması təəccüblü görünmür. Digər dövlətlər də çoxqütblü dünya nizamına keçiddə maraqlı olduğundan G7 ölkələrinin başlıca rəqibi statusunu alan BRİKS-ə qoşulmaqda maraqlıdır. 

İqtisadçı Xalid Kərimli deyir ki, BRİKS G7 ölkələrinin hegemoniyasına qarşı inkişaf etmiş ölkələrin formalaşdırdığı birlikdir: “Braziliya, Çin, Hindistan və Cənubi Afrika ölkələrini birləşdirən bu qurum hazırda dünya iqtisadiyyatının 31,7%-ni təşkil edir. Təbii ki, bu ölkələri birləşdirən ortaq arzu dünya iqtisadiyyatında onlara verilmiş roldan imtina edərək, hakim mövqeyə keçmək və ənənəvi sistemə qarşı öz qaydalarını formalaşdırmaqdır”.

Məhz hazırkı geosiyasi vəziyyətdə də qlobal maliyyə sisteminin dəyişməsi tendensiyası müşahidə olunur və de-dollarizasiya prosesi sürətlə gedir. BRİKS ölkələrinin dünya iqtisadiyyatında hazırkı payını nəzərə alsaq, dollarla hesablaşmalardan imtina etməsi ABŞ valyutasına ciddi ziyan vuracaq. Üstəlik qeyd etdiyimiz kimi, prosesə Yaxın Şərq və Latın Amerikasından da yeni dövlətlər qoşularsa dolların dünya ticarətindəki hegemonluğuna son qoyula bilər.

İqtisadçı Kənan Quluzadə hesab edir ki, BRİKS-in aparıcı ölkəsi olan Çin dünyanın ən böyük ixracçı ölkəsidir: “Çin və digər ittifaq ölkələrinin dollardan imtina etməsi və ona alternativ təklif etməsi, eləcə də Çin yuanının aktuallıq qazanması dünya iqtisadiyyatında yeni dəngəyə gətirib çıxaracaq”.


Təbii ki, bunlar ehtimal edilən nəzəriyyələrdir. Hazırda əsas məsələ bu prosesin reallaşıb-reallaşmayacağıdır. Rusiya və Hindistan dollardan imtinanın 5 ilə tamamlanacağını düşünür. Amma vahid milli valyutanın işlək variantının yaradılması haqqında danışmaq üçün hələ tezdir. Bunun ilk səbəbi BRİKS ölkələri daxilində razılaşdırılmayan məsələlərdir. Məsələn, Hindistan Çinin blok daxilindəki liderliyini qəbul etmək istəmir, eləcə də ittifaqa yeni üzvlərin daxil olmasında maraqları Rusiya ilə toqquşur. Digər bir versiyaya görə, dünya əhalisinin 85%-i BRİKS-ə qoşulsa, o zaman ABŞ dollarından asılılığa son qoya bilərlər. Hazırda əhalinin təxminən 40%-i BRİKS ölkələrində yaşayır. Sözügedən göstəriciyə çatmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatı, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası və Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası ölkələrin də bloka qoşulması vacibdir.  Bu isə yaxın perspektivdə real görünmür. 

 

İqtisadçı Aslan Əzimzadə məsələnin iqtisadi və texniki tərəfinin həll olmasının müəyyən zaman alacağını bildirib: “Bütövlükdə de-dollarizasiya prosesini biz uzunmüddətli perspektivdə görə biləcəyik. Amma yaxın dövrdə bu prosesin yalnız siyasi aspektləri qorunacaq. İqtisadi aspektlər isə yaxın 10 ildə reallaşa bilər”.


Bütün bu prosesləri valyuta ehtiyatlarının yarısını dollarda saxlayan Azərbaycan da diqqətlə izləyir. Dolların beynəlxalq ticarətdə rolunun sürətlə azaldığını nəzərə alsaq, Azərbaycan da dünyanın bir çox digər ölkələri kimi ehtiyatlarında dolların payını azaltmalı olacaq. Amma onu da qeyd etmək lazımdır ki, artıq ölkəmiz Rusiya, Türkiyə kimi ölkələrlə ticarətdə milli valyutadan istifadəyə start verib. 

 

Jalə