ƏMANƏTLƏRƏ GÖRƏ FAİZLƏR ENDİRİLMƏLİDİR-EKSPERTLƏRDƏN ÇAĞIRIŞ

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:56 25.08.2023

   Əhalinin banklarda olan əmanətləri azalıb. Avqustun 1-ə ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Bəs banklarda əmanətlər niyə azalır? Bununla bağlı hansı tədbirlər icra edilməlidir?

  2023-cü il iyunun 30-na banklarda əmanət və depozitlərin həcmi 34 milyard 512,9 milyon manat təşkil edib. Bu da 2022-ci ilin sonuna olan göstəricidən 4,8% azdır. İqtisadçıların rəyinə əsasən, portfelin kiçilməsi “Günay bank”ın sektoru tərk etməsi, faizlərrin yüksək olmaması, eləcə də mövsümi amillərlə bağlıdır. 

   İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, yay ayları məzuniyyət dövrü olduğundan insanların səfər və səyahətləri əlavə xərclər yaradır. “Təbii ki, bu da öz növbəsində bir tərəfdən vətəndaşların yığım imkanını azaldır. Bu o deməkdir ki, vətəndaşlar banklara əmanət yerləşdirmirlər. Başqa tərəfdən isə ola bilər ki, xərclərini ödəmə məqsədilə bəzi vətəndaşlarda bankda olan depozitinin bir qismini bu məqsədlə xərcləyir”.

  Məsələnin başqa tərəfi inflyasiyadır. Bu halda əhali əlavə vəsaitlərini yığıma deyil, son istehlaka yönəldir. Vətəndaşların yığım imkanları qismən də olsa, məhdudlaşıb. Yay aylarında isə ölkədə ümumi iqtisadi aktivlik aşağı düşüb. Bu istiqamətdə daha ciddi nataraz vəziyyət yaranır”.

  Əhalinin banklardakı vəsaitlərinin azalmasında təklif edilən əmanət faizlərinin 5-9% arasında dəyişməsi da rol oynayır. Banklar ən yaxşı halda 11% ilə vəsait cəlb edir. Maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov isə deyir ki, əmanət faizləri məbləğdən asılı olaraq hesablanır. Faizləri aylıq və ya bir ilin sonunda götürmək mümkündür. İllik hesablanan faizlər daha yüksək olur. “Əgər ilin əvvəlində 11 milyard 143 min idisə, hazırda 12 milyard 705 milyon manatdır. İl ərzində hər ay da əmanət həcmi tədricən artıb. Kifayət qədər yüksək faizlə milli valyutada əmanət qəbul edirlər. Hardasa 10-12 faizlə. Dünyanın əksər ölkələrində belə faiz yoxdur. Hətta bəzən biz təklif edirik ki, əmanətə görə faizlər ensin ki, kreditlər üzrə faizlər də düşsün. Banklar cəlb etdiyi əmanətlər hesabına da kreditlər verir”.

  İqtisadçı ekspertlər əmanətlər üzrə faizləri müəyyənləşdirən əsas meyarı inflyasiya səviyyəsi ilə əlaqələndirirlər. İnkişaf etmiş ölkələrin təcrübəsində vətəndaşlar banka əmanət yerləşdirməklə vəsaitlərinin inflyasiyanın fonunda dəyərsizləşməsindən sığortalayırlar. Bundan əlavə, bazarda tələb məsələsi də mühum rol oynayır. Belə ki, bazarda əgər kapitallaşmağa tələb çoxdursa, iqtisadiyyat onu realizə edə bilirsə, bu zaman sabit iqtisadi şəraitdə əmanət faizləri yüksəlir.

ZEYNƏB