DÜYÜ BAHALAŞIR?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:47 28.08.2023

   Dünyanın ən böyük düyü tədarükçücü Hindistan bu məhsulun ixracına qadağa qoyub. Rəsmi Dehli ölkə daxilində ərzaq inflyasiyasının qarşısını almaq üçün bu addımı atdığını açıqlayıb. Nəzərə aldaq ki, Azərbaycan bazarında Hindistanın payı yüksəkdir, qadağa idxal məhsullarına təsirsiz ötüşməyəcək.

  Quraqlıq səbəbindən düyü ixracını məhdudlaşdıran Tayvanın ardınca Hindistan “Basmati” istisna olmaqla, digər düyü növlərini qlobal bazara çıxarmayacaq. Nəzərə alsaq ki, məhdudlaşdırılan sortlar ixrac edilən düyünün 25 faizini təşkil edir, rəsmi Dehlinin qərarından alıcılar əziyyət çəkəcək.

  Qeyd edək ki, Azərbaycanın düyü idxalında Hindistanın payı 75%-dir. 2021-ci ildə bu rəqəm 66% olub. Gömrük statistikası göstərir ki, 2023-cü ilin 6 ayında 1 ton düyünün orta idxal qiyməti 892 dollar olub. Keçən ilin 6 ayında 1 ton düyü üçün 842 dollar ödənilirdi. Beləliklə, bu il düyünün orta idxal qiyməti 50 dollar bahalaşıb.

  İdxal qiymətindəki artımı alıcılar da hiss edib. Satıcılar isə düyü qiymətlərində əhəmiyyətli dəyişiklik olmadığını iddia edir. “Bizə adətən düyülər Hindistandan gəlir. Qiymətlərdə artım yoxdur. Neçə illərdir ki, demək olar ki, eyni qiymətə satırıq. Qiymətlər dəyişilməz olaraq qalıb”.

  İqtisadçı Eldəniz Əmirov isə deyir ki, Hindistan ərzaq təhlükəsizliyinin ödənilməsində olan təhdidləri aradan qaldırmaq üçün bu addımı atıb. “Daxili tələbatın ödənilməsi baxımından Azərbaycanın gücü çox kiçikdir. Azərbaycanda hazırkı vəziyyətdə dövrü olaraq, məsələn il sonuna qədər və yaxud da növbəti ilin ilk yarısına qədər düyü idxalı prosesində ƏDV-dən azad etmək kimi bir sıra addımlara gedilə bilər”.

RƏKSANƏ