ZƏDƏLƏNMİŞ PULLARI NƏ ETMƏLİ?- YAZIYA DİQQƏT!

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:29 30.08.2023

   Yəqin ki, hər biriniz bir dəfə də olsa, zədələnmiş pula rast gəlmisiniz. Belə pulları nə marketlər, nə terminallar, nədəki avtobuslar götürür. Bəs bu halda vətəndaşlar nə etməlidir?

   Təcrübə göstərir ki, istər kağız, istərsə də metal pul nişanları müəyyən müddət tədavüldə olduqdan sonra köhnəlir. Aşağı nominallı pul nişanları, dövretmə sürəti, eləcə də istifadə intensivliyindən asılı olaraq, iri nominallı pul nişanlarına nisbətən daha tez aşınmaya məruz qalır.   Zədələnmiş əskinaslarından isə nə marketlərdə, nə ödəmə terminallarında, nə də digər ödəniş tələb olunan yerlərdə istifadə etmək olur.

  Qanunvericiliyə əsasən, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış milli pul nişanlarının nominal dəyərini Mərkəzi Bank məhdudiyyətsiz ödəyir. Təqdim edilmiş pulların həqiqiliyində hər hansı şübhə yaranarsa, bu vaxt ekspertizadan keçirilir. Xarici valyutaya gəlincə isə, iqtisadçı Xalid Kərimli deyir ki, pul nişanının dəyişdirilməsi qaydaları əskinası tədavülə buraxan emitent bankın səlahiyyətinə daxildir. Azərbaycan   bankları sıradan çıxan avro və dollara cavabdeh deyil. “Bir hissəsinin 5 faizə qədəri cırılıbsa, bu, yararlı pul hesab olunur. Əgər pul ortadan yarıya bölünübsə və onun yarıya bölünmüş bir hissəsi ən azə 60 faizini özündə saxlayırsa, bu halda Mərkəzi Bank həmin vəsaitin tam nominalını vətəndaşa qaytarır. Pul müxtəlif hissələr bölünübsə və vətəndaş pulu tam şəkilə, 100 faiz toplayıb Mərkəzi banka təqdim edirsə, o zaman da pul geri qaytarılır”.

  Mərkəzi Bankın açıqlamasında isə deyilir ki, sıradan çıxan əskinasları dəyişdirmək elə də asan prosedur deyil. Belə ki, səthi tam olmayan əskinasların səthini müəyyənləşdirmək üçün xüsusi 200 damalı cədvəllərdən istifadə olunur. Zədələnmiş əskinasın saxlanılan hissələri damalı cədvəlin üzərinə qoyulur, sol yuxarı künclə uyğunlaşdırılır. Alınan damaların sayı 120-dən az olmadıqda əskinasın nominal dəyəri ödənilir. Pulun üzərində görünə bilən yazılar, ləkələr varsa, pulun şaxlığı itib, üz səthinin oxunaqlığı sıradan çıxıbsa, bu, yararsızılıq əlamətidir.

  Rəsmi açıqlamaya görə, hazırda milli pul nişanlarımızın tədavüldə istifadə müddəti il yarımdan başlayaraq 5 ildən artıq müddətə qədərdir. Yenilənmiş 1 və 5 manatlıq banknotlar xüsusi texnologiya əsasında hazırlanıb. Bu da onların ömürünü uzadılmasına imkan verir.

DUYĞU