“Orta Dəhliz”də yükdaşımalar artır
Bölmə: İqtisadiyyat › ,Tarix: 21:33 05.09.2023
Proqnozlar “Orta Dəhliz”də yükdaşımaların daha da artacağını göstərir. Buna səbəb “Orta Dəhliz”in Şərqlə Qərb arasında yüklərin nəqli üçün sərfəli yol kimi qəbul edilməsidir. Marşrutun yaradılmasında əsas rol isə Azərbaycana məxsusdur.
“Orta Dəhliz” Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Türkiyə, Gürcüstan və digər region ölkələrini əhatə edərək əhəmiyyətli iqtisadi bölgələri birləşdirir. "Orta Dəhliz", beynəlxalq daşımalar üçün daha cəlbedici marşruta çevrilir və nüfuz qazanır. Ekspertlər hesab edir ki, Azərbaycanın uzun illər ərzində investisiya etdiyi nəqliyyat logistik xətlər bu gün ölkəyə iqtisadi dividentlər verməsini şərtləndirir. İqtisadçı Elşad Məmmədovun sözlərinə görə, istər şimal-cənub, istər şəqr-qərb istiqamətləri üzrə dünyada mövcud olan geosiyasi və iqtisadi problemlər fonunda Azərbaycanın rolu artır. “Düşünürəm ki, effektiv menecment tətbiqi olması şərti ilə biz yaxın illərdə orta dəhlizin Azərbaycana əlavə dividentlər verəcəyini proqnozlaşdıra bilərik. Sözsüz ki, burda çevik tarif siyasəti, eyni zamanda effektiv sistemli menecment reallaşdırılmalıdır ki, yükdaşımalar seqmentində Azərbaycan orta dəhlizin ölkəmizə verdiyi imkanlardan məharətlə istifadə edə bilsin”. İqtisadçı bildirir ki, Azərbaycan orta dəhlizin tam gücü ilə işləməsində maraqlıdır. Buna misal olaraq Ələt azad iqtisadi zonasında yükaşırma qabiliyyətinin artımına investisiya qoyuluşunun təşviq edilməsi, həmçinin Bakı Tbilisi Qars dəmir yolunun tam gücü ilə işləməsi məqsədi ilə əlavə tədbirlərin görülməsi, habelə Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımları göstərmək olar. Ekspert əlavə edir ki, Orta dəhlizdə iştirak edən qonşu dövlətlərlə güzəştli transit şərtlərinin formalaşdırılması üçün qarşılıqlı danışıqlar davam etdirilməlidir.
Xatırladaq ki, prezident İlham Əliyev bu ilin yanvar ayında Davos dünya iqtisadi forumunda çıxışı zamanı orta dəliz vasitəsi ilə gələcəkdə yüklərlə bərabər, harbohidrogen məhsullarının daşınmasının da nəzərdə tutulduğunu deyib. Qeyd edək ki, Çinin layihəsi olan "Orta Dəhliz"in əsas məqsədi, Şərqlə Qərb arasında yüklərin hər iki istiqamətində sürətli və effektiv daşımalarını təmin etməkdir.
MAHMUD