Ermənistan üçün optimal çıxış yolu - Zəngəzur dəhlizinin açılmasıdır
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:11 05.09.2023
Ermənistan İqtisadiyyat nazirliyi ölkə iqtisadiyyatının çökdüyünü etiraf edib. Region dövlətləri ilə gərgin münasibətlər artıq rəsmi İrəvanın ticari əlaqələrinə geri qaytarıla bilməyəcək zərərlər vurur. Bundan təşvişə düşən ölkə indi alternativ variantlar axtarmağa başlayıb. Ermənistanın bundan sonrakı planı nədir və gedişat nəyə gətirib çıxardacaq?
Ermənistandan Türkiyəyə ixrac potensialı ölkənin ÜDM-nin 15-19%-ni təşkil edir. Türkiyənin Ermənistana ixracının 99,9%-i quru yolun payına düşür və yalnız 0,01%-i hava yolu ilə çatdırılır. 2022-ci ilin sonunda Türkiyədən Ermənistana hava yolu ilə 3,1 ton, Gürcüstan vasitəsilə isə yük maşınları ilə 24 903,8 ton yük idxal edilib. Mütəxəssislərin sözlərinə görə, hazırda rəsmi İrəvanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı demək olar ki 1% olaraq hesablanır. Lakin İrəvanla Ankara arasında birbaşa ticari əlaqələr açılarsa, bu zaman rəqəm 10%-ə qədər qalxa bilər. İrəvan və Ankara arasında iqtisadi əlaqələrin başlanması Ermənistandan Türkiyəyə ixrac payını 6,7%-ə qədər artırar. Bununla paralel idxalın da yüksəlməsi müşahidə oluna bilər. Siyasi şərhçi Elçin Mirzəbəylinin sözlərinə görə, hazırki vəziyyət Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımalar üçün alternativ marşrutları məhdudlaşdırır. “Həm ticari əlaqələrinin pisləşməsinə gətirib çıxardır. Həm də ümumiyyətlə bölgədə yükdaşımaların həcminin artmasına mənfi təsir göstərir. Onun Azərbaycanla ticarət əlaqələrinin qarşısını alır və eyni zamanda da Rusiyadan aslılığı aşağı salmaq istəyir lakin daha aslılığını daha da artırır”.
Ekspertlər vurğulayırlar ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlı olması Ermənistanın yükdaşıma bazarında rəqabət qabiliyyətinə də mənfi təsir göstərir. Nəticə etibarı ilə isə bu, yükdaşıma xidmətlərinin bahalaşmasına gətirib çıxardır. Hazırda rəsmi İrəvan logistika effektivliyi indeksinə görə 186 ölkə arasında 96-cı yerdə qərarlaşıb. Ölkənin dənizə çıxışının olmaması da onu geri salan amillərdəndir. Bütün bunlar isə Ermənistanın tək alternativi olan İrana üz tutmasına səbəb olur. Lakin, bu da çox effektiv bir variant hesab edilmir. Çünki nəzərə almaq lazımdır ki, Molla rejimində də hazırda iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, bölgə dövlətlərindən Ermənistan İran vasitəsilə müəyyən iqtisadi əlaqələr qurmağa çalışsa da, bu iqtisadiyyatı fəaliyyətə təsir göstərməyəcək. Nəticə etibarı ilə dünyaya çıxışında bu ölkənin müəyyən məhdudiyyətlər var. Ermənistan iqtisadiyyatına təsir göstərməyəcək.
Azərbaycan və Türkiyə ilə sərhədin açılacağı təqdirdə Ermənistanın xarici ticarət kəsirinin təqribən 30-50 faiz azalacağı proqnozlaşdırılır. Bütün aspektlərdən məsələyə nəzər yetirdikdə, Ermənistan üçün hazırda ən optimal çıxış yolu Zəngəzur dəhlizinin açılmasıdır. Bir sözlə, iqtisadi inkişafa nail olmaq üçün Rəsmi İrəvan regionda kommunikasiyaların bərpası məsələsində ciddi addımlar atmalıdır.
FİDAN