Elektron pullar dövriyyəyə buraxılır?

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:29 08.09.2023

   Dünyada təxminən 425 milyon insan kriptovalyuta ticarəti edir. Onların 200 milyonu aparıcı kriptovalyuta olan "Bitcoin"ə sahibidir. Bəs ölkəmizədə vəziyyət necədir? Kriptovalyuta ticarəti qəbul edilirmi?

    Kriptovalyuta ilə ticarət riskləri son 2 ildə artıb. İqtisadçılar bildirir ki, bu gün alınan kriptovalyutasının dəyəri bir neçə ildən sonra həm arta həm də azala bilər. Buna əsas səbəb kimi dünyanın aparıcı mərkəzi banklarının kriptovalyutanı ödəniş vasitəsi kimi qəbul etməməsidir. İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, yaxın perspektivdə bu bazarın mövcud risklərdən azad olunacağı ehtimalı azdır. “Kriptovalyuta bazarının həcminə baxanda son bir neçə ildə həddindən artıq ziqzaqlı hərəkətli tərəddüdlü bir bazar olduğunu düşünürük. Əgər iki il bundan qabaq bu bazarın həcmi 3 trilyona çatırdısa, hətta sürətlə qızıl bazarına yaxınlaşacağına dair proqnozlar var idisə, hazırda həmin pik vaxtdakı dəyərin 3/1-nə qədər dəyərini itirib. Bu o deməkdir ki, bu kriptovalyutada risklər həddən artıq böyükdür. Sizin indi aldığınız kriptovalyuta sabah 10 dəfə də bahalaşa bilər və dəyərdən də düşə bilər”.

 Proqnozlara görə, 2024-cü ildən etibarən Azərbaycanda elektron pulların buraxılmasının reallaşacağı gözlənilir. Odur ki, fiziki və hüquqi şəxslər cəlb edilməklə yaxın vaxtlarda elektron pulları və yaxud kriptovalyutaları dövriyyəyə buraxa bilərlər. Qeyd edək ki, dünyada 88 min 200 nəfərin kriptoaktivlərinin dəyəri 1 milyon dollardan çoxdur. Kriptoaktivində 100 milyon dollardan çox olan insanların sayı 182-dir. Kriptovalyuta milyarderlərinə nəzər saldıqda, bu rəqəmin cəmi 22 olduğunu görürük. Başqa sözlə, 22 nəfərin kriptoaktivlərinin dəyəri 1 milyard dollardan çoxdur.

MAHMUD